Ermənistanda ilk baxışdan adi regional seçkilərdən biri kimi görünən hadisə baş verdi. Fəqət bu seçki nəticələri yalnız rəqəmlər yox, həm də onların siyasi, simvolik və tarixi mənası baxımından ölkə üçün əlamətdar hadisəyə çevrildi. Söhbət ölkənin ikinci ən böyük şəhəri - Gümrünün və həmçinin, Armavir vilayətinin Parakar şəhərinin Ağsaqqallar Şurasına keçirilmiş növbədənkənar seçkilərdən gedir. Elə həmin Gümrü, yeddi il əvvəl, 2018-ci ilin martında Nikol Paşinyanın hakimiyyətə gedən yolunun başladığı yer kimi, yenidən siyasi zəlzələnin episentrinə çevrildi.
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə radikal addımlar atmağa və hakim komandada ciddi dəyişikliklər etməyə hazırlaşır. O, bununla həm mövcud vəziyyətdən narazılığını nümayiş etdirməyi, həm də seçkilər ərəfəsində verdiyi məşhur “vəddə” - “əgər partiyamız seçkilərdə uduzarsa, başlar gedəcək” - sözünü yerinə yetirməyi planlaşdırır.
İlkin məlumatlara görə, Paşinyan komandasında bəzi şəxsləri “qurban verməklə” partiyasının - “Vətəndaş Müqaviləsi”nin (VM) reytinqini 2026-cı il parlament seçkiləri ərəfəsində artırmağa ümid edir. İstisna olunmur ki, baş nazir parlament fraksiyasında da “təmizləmə əməliyyatına” əl atacaq və məsələn, Andranik Koçaryanla Vilen Qabrielyan kimi deputatlardan canını qurtarmağa çalışacaq.
Əslində, VM üzvlərini ən çox hiddətləndirən Qabrielyanın Gümrüdəki qeyri-adekvat davranışı deyil, onun “2026-cı ildə partiyamız artıq hakimiyyətdə olmayacaq” fikrini açıq şəkildə səsləndirməsi olub. Paşinyanın partiyası daxilində belə ehtimallar var ki, Qabrielyan məhz müəyyən dairələrin tapşırığı ilə Gümrüyə göndərilib - partiyanı nüfuzdan salmaq məqsədilə. Onun davranışı partiyanın idarə heyətinin iclasında xüsusi müzakirə mövzusu olacaq.
VM üzvləri məğlubiyyətin səbəbini partiya fəallarının işində deyil - onlar təbliğat kampaniyası zamanı demək olar ki, Gümrüdən çıxmamışdılar – məhz Nikol Paşinyanın apardığı siyasətdə görürlər. Baş nazir özü də bu reallığı dərk edir: “Vətəndaş Müqaviləsi”nin reytinqi yerlərdə sürünür. Elə bu səbəbdəndir ki, Paşinyan partiyanın seçkiqabağı yekun tədbirində iştirak etmədi - məğlubiyyətin birbaşa onun adı ilə bağlanmasını istəmədi.
Beləliklə, yaxın zamanda Ermənistanda hakim komandanın daxilində ciddi təlatümlər və kadr dəyişiklikləri gözlənilir. Paşinyan üçün bu, həm öz hakimiyyətini qorumaq, həm də partiyasını siyasi dirçəlişə hazırlamaq cəhdidir.
Gerçəkdən də, Ermənistanın daxili siyasi mənzərəsi sürətlə dəyişir. Vaxtilə güclü olan “Vətəndaş Müqaviləsi” Partiyasının istehkamları bir-bir dağılır, onun lideri Nikol Paşinyan isə uzun illərdən sonra ilk dəfə real siyasi zəlzələni hiss edir - metaforik deyil, konkret rəqəmlərlə, nəticələrlə və siyasi perspektiv ehtimalları ilə.
Parakar və xüsusən də Gümrüdəki Ağsaqqallar Şurasına seçkilər artıq xəbərdarlıq siqnalı deyil, birbaşa həyəcan təbilinə çevrilə bilər.
Parakar... Armavir vilayətinin bu sakit guşəsi hakimiyyət namizədi Lüdvig Gülznazaryanın rəzil məğlubiyyət səhnəsinə çevrildi. Onun rəqibi, müxalif “Birlik” blokundan Volodya Qriqoryan 55 faiz səs topladı. Bəs Qriqoryan kimdir? Mane Tandilyanın silahdaşı - qalmaqallı və açıq desək, ifşaedici fiqur. Elə həmin Tandilyan ki, Xankəndindəki sabiq separatçı-terrorçu xuntada "sosial sahələrə rəhbərlik edən şəxs" idi. Bu insan çirkli, qanunsuz sxemlərlə əldə edilmiş qanlı milyonlarla siyasi ambisiyalarını gerçəkləşdirən Ruben Vardanyan tərəfindən dəstəklənən marionetlərdən biri kimi tanınır.
İndi isə onun siyasi “yetirmələri” arxa qapıdan səhnəyə qayıdır. İrəvan Ağsaqqallar Şurasına düşə bilməyən bu qüvvələr indi bölgələrdə revanş alırlar - seçici artıq özünü tükətmiş hakimiyyətə alternativ axtarır. Qriqoryan yalnız yeni mer deyil, həm də hakim elitanın pafoslu illüziyalarının dağılmasının simvoluna çevrilib.
İrəvandakı iqtidara əsas zərbə Gümrüdən gəldi - Paşinyanın siyasi epopeyasının bir vaxtlar başladığı şəhərdən. O yerdə ki, “yeni Ermənistan” xəyalları qurulurdu, indi həmin siyasi konstruksiyalar öz əlləri ilə çökdürülür. Bəli, formal olaraq “Vətəndaş Müqaviləsi” ən çox səs toplayıb - 36,8 faiz. Amma "quru" statistika vəziyyəti xilas etmir. Əvvəllər pərən-pərən düşmüş, marginallaşdırılmış və küncə sıxışdırılmış müxalifət qəfil çoxluq qazandı.
Rəqəmlərə baxaq: 19 mandat 14-ə qarşı. Gümrü şəhər parlamentində revanş baş verir və bu revanşın təkcə narazılıq deyil, həm də intiqam qoxusu gəlir. Mer kreslosuna Vardan Qukasyanın - Qarabağ müharibəsinin qalmaqallı veteranının, keçmiş merin, sabiq prezidentlər Robert Köçəryanın və Serj Sarqsyanın dostunun, olduqca mübahisəli reputasiyaya sahib şəxsin sahiblənməsi ehtimalı var. Həm də bu elə həmin Qukasyandır ki, onun adı hakim elitanı əsəbiləşdirəcək qədər narahatlıq doğurur.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gümrü Ağsaqqallar Şurasına seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” partiyası 36,8 faiz, yəni 16 938 səs toplayıb. Lakin bu nəticə bələdiyyəyə nəzarət əldə etmək üçün yetərli olmadı: öz namizədini mer seçdirmək üçün partiya 50 faizdən çox səs toplamalı idi. İkinci yeri Ermənistan Kommunist Partiyası tutub - ona 20,71 faiz seçici (9 537 nəfər) səs verib, üçüncü yeri isə parlament üzvü Martun Qriqoryanın rəhbərlik etdiyi “Bizim Şəhər” bloku qazanıb - 15,85 faiz (7 296 səs).
Beləliklə, nisbi liderlik əldə etməsinə baxmayaraq, “Vətəndaş Müqaviləsi” siyasi azlığa çevrilib və müxalif qüvvələrlə koalisiya olmadan idarəetməyə qadir deyil. Üstəlik, yerli seçkilərin əsas iştirakçıları - keçmiş mer, kommunistlərin lideri Vardan Qukasyan və Martun Qriqoryan sabit elektorat dəstəyinə malikdirlər və əslində, İrəvanın yerli səviyyədə istənilən təşəbbüsünü bloklaya bilərlər.
Səsvermədən sonra Ermənistanın sosial şəbəkə seqmentində onlarla, hətta yüzlərlə bu məzmunda paylaşım görünürdü. Bu, sadəcə nəticədən narazılıq deyil - bu, müəyyən mənada metaforadır. Çünki məhz Gümrüdə, 2018-ci il martın 31-də o vaxtlar müxalifətçi olan Nikol Paşinyan Serj Sərkisyana qarşı “inqilab”ına başlamışdı. Yeddi il sonra isə, eyni küçələrdə, onu bir vaxtlar “Addım at, Serji rədd et!” şüarı ilə ruhlandıran eyni kütlə indi, görünən odur ki, artıq elə Paşinyanın özünü rədd edir.
Təəccüblü deyil ki, bu nəticələr ölkə üzrə geniş ictimai və siyasi müzakirələrə səbəb oldu. Bir çox politoloqlar, jurnalistlər və vətəndaş fəalları bu nəticələri “hakimiyyətin simvolik məğlubiyyəti” adlandırdı. Şərhçilər arasında yalnız müxalifət nümayəndələri deyil, hazırkı hökumətin tərəfdarları da var idi - onlar da açıq şəkildə daxili partiya siyasətinin təhlili və yenidən baxılması zərurətindən danışırdılar.
Baş nazir isə bu nəticələri demokratik legitimlik baxımından təqdim etməyə çalışdı. “Ermənistan Respublikasının vətəndaşı azad seçim etmək hüququna malikdir. Vətəndaşın seçimi bizim üçün qanundur”, - deyə Nikol Paşinyan “Facebook” səhifəsində yazaraq, bələdiyyəyə düşən bütün siyasi qüvvələri təbrik etdi. Lakin bu sözlər, ölkənin xüsusilə regionlarında artan siyasi narazılıq fonunda daha çox protokol xarakterli nəzakət jesti kimi səsləndi.
Həmin gün Armavir vilayətinin Parakar şəhərində də seçkilər keçirildi. Burada qalib müxalif “Birlik” blokunun lideri Volodya Qriqoryan oldu - o, 6508 səs topladı. “Vətəndaş Müqaviləsi” partiyası burada da ikinci yeri tutdu (3669 səs), digər partiyalar isə olduqca zəif nəticələr göstərdi: “Milli Proqres” - 900 səs, “Sabitlik” partiyası - 426 səs.
Parakardakı seçkilər Gümrüdəki qədər ictimai rezonans doğurmasa da, ümumi mənzərəni daha da gücləndirdi: hakim partiya yalnız paytaxtda deyil, regionlarda da nüfuzunu itirir. Bu, xüsusilə 2026-cı ildə keçiriləcək parlament seçkiləri fonunda təhlükəli siqnaldır. Belə tendensiyalar geniş siyasi dəyişikliklərin katalizatoruna çevrilə bilər.
“Vətəndaş Müqaviləsi”nin səhvləri nə oldu?
Ən başlıcası - Paşinyanın hakimiyyətə gəlməsindən sonra başladığı uğursuz və ya yarımçıq qalmış islahatlardır. Yerli özünüidarəetmə, sosial proqramlar, iqtisadi infrastruktur - analitiklərin fikrincə, bu sahələrin hər biri əhali üçün xroniki narazılıq mənbəyinə çevrilib.
Xüsusilə Gümrü üçün əlavə bir amil - Rusiyanın təsiridir. Uzun illər hərbi və siyasi əməkdaşlıqla bağlı tarixi olan bu şəhər hələ də, əslində, Moskvaya loyallıq zonasını xatırladır. Burada yerləşən 102-ci Rusiya hərbi bazası və onun əməkdaşları, ailə üzvləri nəzərəçarpacaq elektoral resursdur. Müşahidəçilərin dediyinə görə, onlar tez-tez daha çox prorus yönlü əhval-ruhiyyənin daşıyıcısına çevrilirlər - xüsusən də Ermənistanla Kreml arasında münasibətlərin gərginləşdiyi hazırkı dövrdə.
“Ayakve” təşəbbüs qrupunun müşahidəçiləri Gümrüdə “anomallıq dərəcəsində yüksək seçici fəallığı” qeydə alıb, yönləndirilmiş səsvermə əlamətlərinə diqqət çəkiblər. Polis 20 qanun pozuntusu barədə məlumat qeydə alıb. Kütləvi saxtakarlıqlara dair birbaşa sübutlar olmasa da, şəhərdə seçkiqabağı siyasi atmosfer gərgin idi.
Xatırladaq ki, Gümrüdə növbədənkənar seçkilər 2024-cü ilin payızında baş vermiş siyasi böhranın nəticəsi idi. Həmin vaxt şəhər meri Vardqes Samsonyan və onun “Balasanyan” blokundan olan tərəfdarları mandatlarından könüllü imtina etdilər. Nəticədə Ağsaqqallar Şurası yeni meri seçə bilmədi - “Vətəndaş Müqaviləsi”nin kifayət qədər səsi yox idi. Şəhər rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq hökumətin dəstəklədiyi namizəd, praymerizdə qalib gəlmiş Sarik Minasyan icra edirdi. Lakin İrəvandan olan inzibati resurs və dəstəyə baxmayaraq, o da inandırıcı qələbə qazana bilmədi.
Paşinyanın təbliğat maşını dərhal ənənəvi tanış mənzərəni yaratmağa çalışdı: guya bütün bu baş verənlərin arxasında keçmişin “xəyalətləri”, kriminal elitalar, köhnə klanlar dayanır. Amma problem nə Koçaryanlarda, nə də Vardanlardadır. Problem ondadır ki, hakim partiya xalqın etimadını itirib. Onların siyasi acizliyi, yalançı pasifizmi və ölkəni fəlakətə sürükləyən idarəçiliyi hətta dünənin elektoratını da demoralizə edib.
Bütün bunlar təkcə bələdiyyə seçkiləri deyil. Bu, siyasi dağılma prosesinin başlanğıcıdır. Ermənistan vətəndaşı sadəcə Paşinyana qarşı səs vermir - o, onun hakimiyyətindən bezdiyini hayqırır. Bu, küçələrin, həyətlərin, bazarların səsidir. Və bu səs getdikcə daha gur eşidilir.
Məhz buna görə də Bakıda bu hadisələri diqqətlə izləyirlər. Orada çoxdan anlayıblar: Paşinyanlar gəlir və gedir. Sülhü isə müvəqqəti fiqurlarla deyil, öhdəlik götürmək bacarığı olan bir dövlətlə imzalamaq lazımdır. Bəs, belə bir dövlət ola bilərmi Ermənistan? Əgər bu ölkənin sükanı arxasında, vaxtilə inqilabına başladığı şəhərlərdə belə nəzarəti itirən bir adam dayanırsa?
Bu seçkilər - sonluğun məşqidir. Dizləri titrəyən bir baş nazir artıq boşalmaqda olan kresloya yapışmaqdan əl çəkməlidir.
Ekspert mühitində Gümrü seçkilərinin nəticələrinin hakim partiyada “təmizləmə” əməliyyatına səbəb olacağı fikri getdikcə daha çox səslənir. Bu, həm yerli kadr siyasətinə, həm də qarşıdan gələn seçkilərə dair strateji kursa aiddir. Bəzi müşahidəçilər hesab edir ki, Gümrüdəki məğlubiyyət Paşinyanı daxili siyasi gündəmi dəyişməyə vadar edə bilər - bu, ya xarici siyasət mövzularını kəskinləşdirməklə, ya da media və region rəhbərləri üzərində nəzarətin sərtləşdirilməsi ilə müşayiət oluna bilər.
Eyni zamanda, müxalifət real mobilizasiya şansı qazanıb. Parakardakı uğur və Gümrüdəki qismən qələbə narazı qüvvələrin - millətçilərin, prorus şəxslərin, iqtisadi populistlərin və hətta “məxməri inqilab”ın keçmiş tərəfdarlarının geniş koalisiyasının formalaşmasına əsas ola bilər.
Beləliklə, 2025-ci il martın 30-u müasir Ermənistan tarixində yeni siyasi dövrün başlanğıcı kimi qalacaq bir tarixə çevrilə bilər. Yeddi il əvvəl Paşinyanın hakimiyyətə gedən yolu Gümrü küçələrindən başlamışdı. Ola bilsin ki, bu gün həmin küçələrdən onun siyasi enişi başlayır.