...

31 Mart soyqırımı Azərbaycan xalqı üçün ən ağır tarixlərdən biridir - Azər Qarayev

Siyasət Materials 1 Aprel 2025 12:54 (UTC +04:00)
31 Mart soyqırımı Azərbaycan xalqı üçün ən ağır tarixlərdən biridir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

1918-ci ilin mart-aprel aylarında bolşeviklərin və erməni silahlı birləşmələrinin birgə təşkil etdiyi qətliamlar Azərbaycan tarixində ən faciəli hadisələrdən biri kimi yadda qalıb. Bu hadisələr xüsusilə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə genişmiqyaslı soyqırımlarla nəticələnmişdi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"1918-ci ilin martında Bakı Soveti və onun rəhbəri Stepan Şaumyanın göstərişi ilə erməni daşnak silahlıları azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirdilər. Bu soyqırımını həyata keçirmək üçün əsas bəhanə “Azərbaycan milli hərəkatının yatırılması” idi.

Martın 30-dan aprelin 2-dək Bakı şəhərində minlərlə azərbaycanlı qətlə yetirildi, məscidlər və yaşayış yerləri yandırıldı. Eyni zamanda, Şamaxı rayonunda erməni daşnakları tərəfindən həyata keçirilən qətliamda, 58 kənd tamamilə məhv edildi, 7 mindən çox insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirildi. Bu qətliamlar o qədər vəhşicə idi ki, erməni silahlıları qətlə yetirdikləri azərbaycanlıların cəsədlərini yandıraraq, izlərini itirməyə çalışdılar.

Bundan əlavə, Quba bölgəsinə hücum edən erməni daşnakları və digər silahlı dəstələr, kəndləri qarət edib, minlərlə azərbaycanlını qətlə yetirdilər. Quba kütləvi məzarlığı, bu faciənin ən ağrılı sübutlarından biri olaraq günümüzə qədər qalmaqdadır. Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə də erməni silahlı dəstələri qətliamlar törətdi, minlərlə dinc sakin öldürüldü, kəndlər yandırıldı, evlər dağıdıldı. Ümumilikdə, 1918-ci ildəki soyqırım nəticəsində 20 mindən çox azərbaycanlı həyatını itirdi, minlərlə insan yaralandı, 115-dən çox kənd və şəhər tamamilə dağıdıldı. Bu, Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxıb", - o bildirib.

Politoloq qeyd edib ki, 31 Mart soyqırımı Azərbaycan xalqı üçün ən ağır tarixlərdən biridir.

"Ulu Öndər Heydər Əliyev 1998-ci ildə 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” elan edərək, bu faciənin Azərbaycan xalqının tarixi yaddaşında yaşadılmasını təmin etdi. Azərbaycanın dövlət strukturları və qeyri-hökumət təşkilatları bu gün də soyqırımın tanınması və dünya ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı işlər görür. 31 Mart soyqırımının ildönümündə hər il anım tədbirləri təşkil edilir, şəhidlərin xatirəsi yad edilir.

Azərbaycan dövləti, həmçinin, 31 Mart soyqırımına dair elmi araşdırmaların aparılması üçün maliyyə dəstəyi verir, sənədli filmlər hazırlanır, müvafiq sərgilər təşkil olunur. Bundan əlavə, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı baş tutub. Azərbaycan dövləti bu tarixi faciənin beynəlxalq müstəvidə tanınması üçün müxtəlif səylər göstərməyə davam edir", - A.Qarayev bildirib.

A.Qarayev təəssüf hissi ilə bildirib ki, beynəlxalq ictimaiyyət bu faciəyə biganə yanaşır.

"Dünyada bir çox soyqırımlar tanınsa da, 31 Mart soyqırımı hələ də lazımi beynəlxalq hüquqi qiymətini almayıb. Ermənistanın saxta “erməni soyqırımı” iddiaları dünya siyasətində üstünlük təşkil edərkən, azərbaycanlılara qarşı törədilmiş real soyqırımlar diqqətdən kənarda qalır. Bu ikili standartlar Azərbaycan diplomatiyasının üzləşdiyi əsas problemlərdən biridir.

Buna baxmayaraq, Azərbaycan dövləti tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirir və etdirəcək. 31 Mart soyqırımı Azərbaycan xalqının tarixində unudulmaz bir faciədir. Azərbaycan dövləti və ictimaiyyəti bu tarixi hadisənin dünya səviyyəsində tanınması üçün fəaliyyətini davam etdirir və etdirəcək. Beynəlxalq təşkilatların və dövlətlərin bu məsələyə ədalətli yanaşması vacibdir. Ermənilərin yüz il əvvəl törətdiyi cinayətlərin unudulmaması üçün həqiqətlərin yayılması və gələcək nəsillərə çatdırılması əsas vəzifələrdən biridir", - politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti