Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov "Xəzər-Lənkəran"la oyunu idarə edəcək baş hakimin qərəzli olmayacağına inandığını bildirib.
"Hakim oyunu idarə edərkən səhv edə bilər. Amma əsas odur ki, bilərəkdən səhv etməsin, qərəzli olmasın. "Xəzər-Lənkəran"la görüşümüzü idarə edəcək hakimdən istəyimiz odur ki, hər iki komandaya oynamaq üçün imkan versin", çərşənbə günü Trend -a Məmmədov deyib.
Azərbaycan Premyer-Liqasının 9-cu turu çərçivəsində "Bakı" ilə "Xəzər-Lənkəran" arasındakı oyun oktyabrın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun baş hakimi Anar Niyazov olacaq.
Məmmədov bildirib ki, "Xəzər-Lənkəran" klubunun heyətində səviyyəli futbolçuların sayı çoxdur.
"Rəqib komandanın heyətində hörmət etdiyim futbolçuların sayı çox olsa da, bu gün onların arasında ən təhlükəlisi İvan Svetkovdur. Hər halda, bolqarıstanlı hücumçu hazırda Premyer-Liqanın bombardiridir. Müdafiəçilərimiz Svetkova xüsusi diqqət göstərməlidirlər", - deyə baş menecer əlavə edib.
Hazırda hesabında 19 xalı olan "Bakı" Premyer-Liqanın lideri "Xəzər-Lənkəran"dan iki xal geri qalır. Bu iki komanda arasında keçirilən oyun Premyer-Liqanın liderinin dəyişməsinə səbəb ola bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]