Bakı. Trend:
Son bir ildə təkçə Gəncə şəhərində 1200-dən çox it dişləmə
hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Bu
rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı
təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd
edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində
quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır.
Trend xəbər verir
ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün
keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil:
“Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır”.
Deputat bu problemlərin həlli üçün aşağıdakı təklifləri irəli sürüb:
1. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır.
2. Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər.
3. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər.
4. Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər.
5. Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur.
6. Sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır.
7. Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir.
“Bu problemlərin həllinə birgə səylərimizi yönəltmək, şəhər və rayonlarımızda sahibsiz heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün Milli Məclisdə ictiami dinləmə keçirməklə ən əsas töhvəni verə bilərik. İnanıram ki, sadaladığım addımlar, sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcək”, - deyə N.Həmzəyev fikrini yekunlaşdırıb.