Bakı. Trend:
Əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal edilən gilas tinglərindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, aparılan müayinələr nəticəsində Çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17800 gilas tingi məhv edilib.
Qeyd edilib ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.