...

Azərbaycan COP29-da iqlim tədbirlərində aparıcı rol nümayiş etdirməyə hazırdır - Elnur Soltanov (ÖZƏL MÜSAHİBƏ) (FOTO/VİDEO)

Yaşıl iqtisadiyyat Materials 2 İyul 2024 08:00 (UTC +04:00)
Azərbaycan COP29-da iqlim tədbirlərində aparıcı rol nümayiş etdirməyə hazırdır - Elnur Soltanov (ÖZƏL MÜSAHİBƏ) (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycan iqlim üzrə aparıcı qlobal müzakirələrdə mühüm rol əldə edib.

Bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirini müavini, COP29-un baş direktoru Elnur Soltanov deyib.

"Beynəlxalq ictimaiyyət Azərbaycana konkret mandatları və mühüm məsələləri özündə ehtiva edən danışıqlar prosesinə rəhbərlik etməyi həvalə edib. BMT orqanlarının izlədiyi danışıqlar prosesi Azərbaycanın BMT qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcəyi və başa çatdıracağı tədbirlərin keçirilməsini nəzərdə tutur", - nazir müavini deyib.

O, danışıqlar prosesində bütün tərəflərin qərarları razılaşdırmalı olduğu konsensusun vacibliyini vurğulayıb. Azərbaycan həmçinin özünün qlobal istiləşmə ilə bağlı milli prioritetləri müəyyən edən sədrlik fəaliyyət proqramı çərçivəsində muxtariyyətə malikdir.

Danışıqların əsas məsələlərinə gəlincə, nazir müavini maliyyə məsələsini, xüsusən də Paris sazişi çərçivəsində inkişaf etməkdə olan ölkələrə dəstək baxımından birinci dərəcəli adlandırıb. Onun sözlərinə görə, COP29-da müzakirələr razılaşdırılmış 100 milyard dollarlıq fondun artırılmasına yönəldiləcək ki, bu da iqlim dəyişikliyi sahəsində qlobal tədbirlər üçün həlledici əhəmiyyət kəsb edir.

"Karbon bazarlarına həsr olunmuş 6-cı maddə də daha bir mühüm məsələdir”, - deyə E.Soltanov əlavə edib: "Bu bir ölkədə istixana qazları emissiyalarının azaldılmasının digər ölkələrin faydası üçün istifadə oluna biləcəyi əsasın yaradılmasına yönəlməklə qlobal əməkdaşlığa və maliyyə stimullarına imkan yaradır".

Elnur Soltanov əlavə edib ki, İkiillik Şəffaflıq Hesabatları (BTRs) iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlərdə etimad və hesabatlılığın möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edir. O, Paris Sazişinin "ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar" prinsipini vurğulayaraq, inkişaf etməkdə olan kiçik ada ölkələrinin emissiyalarda minimal rol oynadığını, lakin mühüm iqlim təsirləri ilə üzləşdiyini qeyd edib.

O, maliyyə dəstəyindən səmərəli istifadənin təmin edilməsi və ölkələr arasında etimadın möhkəmləndirilməsi üçün şəffaflıq hesabatlarının vacibliyini vurğulayıb. İkiillik Şəffaflıq Hesabatları Paris Sazişinin şəffaflığı çərçivəsində maliyyə axınlarını və nəticələrin yüngülləşdirilməsi üzrə tədbirləri təfərrüatlandırmaqla buna imkan yaradır.

İkiillik Şəffaflıq Hesabatlarının təqdim edilməsi üçün son tarix yaxınlaşdıqca, Soltanov qeyd edib ki, 60-a yaxın ölkə, o cümlədən Azərbaycan öz hesabatlarını hazırlayır. O, nisbətən az inkişaf etmiş və kiçik ada dövlətlərinin şəffaflıq prosesində tam iştirakını dəstəkləməyin əhəmiyyətini vurğulayıb. "Biz bu ölkələri lazımi resurslarla təmin etməliyik", - deyən baş direktor Azərbaycanın şəffaflığa və qlobal iqlim liderliyinə sadiqliyini təsdiqləyib.

Baş direktor həmçinin keçmiş inkişaf modellərinin inkişaf etməkdə olan və həssas ölkələrə təsirlərini aradan qaldırmaq üçün həlledici əhəmiyyət kəsb edən İtki və Zərər Fondu ilə əlaqədar həll edilməmiş məsələlərə diqqət çəkib.

Enerji keçidindən bəhs edən E.Soltanov tullantıların azaldılması və enerjin təhlükəsizliyi arasında balansın təmin edilməsi üçün vacib hesab edilən təbii qazın keçid yanacaq növü olaraq rolunu vurğulayıb. Bununla əlaqədar olaraq, Azərbaycanın Qlobal Metan Öhdəliyinə sadiqliyi onun emissiyalara nəzarət sahəsində fəal mövqeyini bir daha nümayiş etdirir.

"Təbii qaz gələcəkdə keçid yanacağı kimi qəbul edilməsi üçün lazmdır. Bu, ətraf mühitin çirklənməsindən və qaz emissiyalarından qurtulmazdan əvvəl çox vacibdir. İstixana qazı emissiyaları problem olaraq qalır; hətta COP28-də yekunların çıxarılmasına dair qlobal həll təbii qazı keçid dövrü yanacağı olaraq qəbul edir. Bu onunla izah olunur ki, bizdə olan bütün yanacaq növləri arasından ətraf mühiti ən az o çirkləndirir. Lakin eyni zamanda metan tullantılarına çox diqqətlə nəzarət olunmalıdır, çünki neftdən və müəyyən dərəcədə kömürdən fərqli olaraq, təbii qaz özlüyündə çox güclü istixana qazıdır" , - deyə o aydınlıq gətirib.

"Eyni zamanda, özünün enerji dəhlizləri ilə tanınan Azərbaycan diqqətini "yaşıl" dəhlizlər"ə yönəldir", - deyə E.Soltanov qeyd edib. O, Aİ-nin dəstəklədiyi dəniz küləyinin yaratdığı elektrik enerjisini Gürcüstan, Qara dəniz, Rumıniya və Macarıstan vasitəsilə Avropaya ixrac etməyə yönəlmiş "yaşıl enerji" dəhlizi təşəbbüsündən danışıb.

"Birgə müəssisə yaradılacaq, ilkin texniki-iqtisadi qiymətləndirmə böyük perspektivlər göstərir və xarici investisiyaları cəlb edir", - deyə E.Soltanov bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlığa Avropanın elektrik enerjisinə olan tələbatını ödəmək üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanla Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrindən istifadəni nəzərdə tutan yenilikçi Transxəzər kabel layihəsi daxildir. Təşəbbüs enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafı vəd edir.

Sonda Soltanov CO29-un nəticələri ilə bağlı nikbin olduğunu bildirib və vurğulayıb ki, uğurun yekun göstəricisi istixana qazlarının emissiyalarının azaldılması üzrə ölçülə bilən tədbirlərdir. O, Azərbaycanın regional sabitlik və enerji təhlükəsizliyindəki tarixi rolunu qlobal iqlim liderliyinin sübutu olaraq qeyd edib.

"Azərbaycanın COP29-a sədrliyi 2025-ci ilə qədər davam edəcəyindən, əsas tədbir isə bu ilin noyabrında keçiriləcək konfrans olacağından, məqsədimiz aydındır: həm Azərbaycana, həm də dünyaya fayda gətirməsi üçün emissiyaların əhəmiyyətli dərəcədə azaldılması", - deyə E.Soltanov son olaraq deyib və Azərbaycanın dünya arenasında səmərəli iqlim qərarları təklif etmək imkanlarından əmin olduğunu bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti