Bakı. Trend:
02.07.2024-cü il tarixində saat 23:00 radələrində Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (4-ü kişi cinsli, 1-i qadın cinsli olmaqla) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 2-si azyaşlıdır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
"Xəsarət alan şəxslərdən 2010-cu il təvəllüdlü (kişi cinsli) azyaşlının müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
1987-ci il təvəllüdlü (qadın cinsli) və 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs Sabunçu Tibb Mərkəzinə, 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
1990-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 2 nəfərin xəstəxanayaqədər ölüm halı qeydə alınıb", - deyə əlavə edilib.