Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 641 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 117,2 milyon ABŞ dolları və ya 15,5% azdır.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,49%-i həcmində olub.
Ötən ilin 11 ayında Azərbaycan Böyük Britaniyaya 401,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 10,1% azdır. Dövr ərzində Böyük Britaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 1,65%-ni təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Böyük Britaniyadan məhsul idxalını illik müqayisədə 72 milyon ABŞ dolları və ya 23,1% azaldaraq, 239,7 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Böyük Britaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,28%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.
Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.
Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.