Bakı. Trend:
ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində Yeni il gecəsi baş verən dəhşətli hadisədə ölənlərin sayı 15-ə çatıb.
Trend xəbər verir ki, bu barədə “CBS News” telekanalı rəsmi şəxslərə istinadən məlumat yayıb.
Hadisə şəhərin məşhur Fransız məhəlləsində, Burbon küçəsində baş verib. Bir kişi idarə etdiyi pikap yük maşınını qəsdən izdihamın üzərinə sürüb. Nəticədə azı 15 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarət alıb.
Məlumata görə, Federal Təhqiqat Bürosu (FBI) hadisəni terror aktı kimi araşdıracağını elan edib. Şübhəli şəxsin kimliyi daha əvvəl açıqlanıb.
Hadisə ilə bağlı istintaq davam edir.
xxx
21:37
ABŞ-də avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi müəyyən edilib.
Trend xəbər verir ki, bu barədə yerli NOLA nəşri məlumat yayıb.
Məlumata görə, polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində zərərsizləşdirilib. Onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib.
Xatırladaq ki, yanvarın 1-də Luiziana ştatının Nyu-Orlean şəhərində baş verən hadisə zamanı sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində azı 10 nəfər həyatını itirib, 35-dən çox insan yaralanıb.
xxx
16:12
ABŞ-ın Nyu Orlean şəhərində avtomobil izdihamın üzərinə çırpılıb.
Trend xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, hücumda ən azı 10 nəfər həyatını itirib. 30-dan çox insanın yaralandığı bildirilir.