Bakı. Trend:
İraq Körfəz ərəb dövlətləri ilə elektrik əlaqəsinin qurulması layihəsini 90 faiz yerinə yetirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İraq enerji resurslarının diversifikasiyasını davam etdirir.
İraqın Elektrik nazirliyinin sözçüsü Əhməd Musa deyib ki, bununla ölkə regional körfəz ölkələri enerji bazarında mühüm üzv olacaq. Əlavə edib ki, hazırda 3 şirkət İraqın Fao stansiyası ilə Küveytin Vafra stansiyasını birləşdirəcək naqilləri çəkir. Bu ilin əvvəlində layihənin birinci mərhələsinin işə salınması ilə Bəsrə vilayəti 500 meqavat gücündə enerji ilə təmin olunacaq.
İraqla İordaniya arasında elektrik enerjisi əlaqəsi layihəsinin birinci mərhələsində isə 54 meqavatlıq enerji ötürülüb. İkinci mərhələ də yekunlaşmaq üzrədir və bu, İordaniyanın Rişə stansiyasını birləşdirəcək. Ümumiyyətlə, adı çəkilən layihənin reallaşması nəticəsində İraq, İordaniya və Misir arasında elektrik şəbəkələri birləşdiriləcək.
Əhməd Musa Türkiyə ilə də oxşar layihənin yerinə yetirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, birinci mərhələdə İraqın şimalına 300 meqavat gücündə enerji ötürülüb. Layihənin ikinci mərhələsi yekunlaşır. Bu zaman əlavə olaraq 600 meqavatlıq elektrik mübadiləsi olacaq. Səudiyyə Ərəbistanı ilə ilkin gücü 1000 meqavat olacaq elektrik enerjisi mübadiləsi layihəsi üzrə işlər davam edir. Artıq işin mexanizmləri və naqillərin qoşulma yerləri müəyyən olunub. Bu layihənin 36 aydan sonra işə salınması gözlənilir.
“Əl-Cəzirə” kanalının məlumatına görə, İraq 1990-cı illərin əvvəllərindən etibarən, xüsusən də Körfəz müharibəsindən sonra elektrik enerjisi təminatında problemlə üzləşir. Elektrik enerjisi istehsalını artırmaq üçün 2003-cü ildən bəri həyata keçirilən tədbirlər istənilən nəticəni verməyib. Əksinə, ölkə elektrik enerjisinə olan ehtiyacı ödəmək üçün İrandan aldığı təbii qazdan asılı hala düşüb.