Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Bəs Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması bölgəyə nə vəd edir?
Millət vəkili Nəsib Məhəməliyev Trend-ə açıqlamasında qeyd edib ki, Bakı-Balakən qatarının fəaliyyətə başlaması bütövlükdə şimal-qərb bölgəsi üçün xoş xəbərdir.
O bildirib ki, dəmiryolu nəqliyyatı iqtisadi, ekoloji cəhətdən sərfəli və rahatdır.
"Ulu Öndər Heydər Əliyevin sayəsində bu dəmiryolu xətti inşa edilib. Açılan gündən bütöv bir regionun sosial-iqtisadi inkişafında çox əhəmiyyətli rol oynadı. Bakı-Balakən dəmiryolu istismara veriləndən həmin bölgədə iqtisadiyyat inkişaf etdi. Xeyli sayda inzibati binalar tikildi, infrastruktur layihələri icra edildi, əhalinin yaşayış səviyyəsi artdı.
Pandemiyadan sonra qatarın fəaliyyətinin dayandırılması, təbii ki, obyektiv səbəblərdən idi. İnsanlar bu reysin yenidən fəaliyyətə başlamasını səbirsizliklə gözləyirdi. Hesab edirəm ki, yaxın gələcəkdə Bakı-Balakən-Bakı dəmiryolu reysi tam gücü ilə inkişaf edəcək, yenidən əvvəlki ənənələrini bərpa edəcək".
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması ölkə iqtisadiyyatına öz müsbət töhfəsini verəcək.
"İlk növbədə bölgədə turizm potensialını inkişaf etdirəcək. Burada hotelçilik sənayesinin, kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə xidmət etmiş olacaq. Eyni zamanda, region məhsullarının digər istiqamətlərə yönləndirilməsi üçün effektiv olacaq. Logistik infrastruktur hər bir ölkə üçün çox önəmlidir. Həm də dəmiryolu digər nəqliyyat vasitələri ilə müqayisədə ekoloji cəhətdən daha səmərəlidir. Bu günün trendinə uyğun olaraq ətraf mühitin dəstəklənməsi baxımından vacib nəqliyyat növüdür".
Turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması turizm sahəsinə müsbət təsir edəcək.
"Bu cür nəqliyyat infrastrukturunun inkişafı turizmin artmasına və regional inkişafın stimullaşdırılmasına imkan verir.
Bakı ilə Balakən arasındakı qatar əlaqəsinin mövcud olması turistlər üçün bölgəyə gediş-gəlişi daha rahat edəcək. Turistlər xüsusilə uzun və yorucu yol səfərlərindən çəkinərək, daha komfortlu və sürətli nəqliyyat vasitəsilə Balakənə səyahət edə biləcəklər. Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla, 10 stansiya və dayanacaqda saxlayacaq ki, bu da həmin istiqamətdə turizm axınını artıracaq.
Həmin bölgələr Azərbaycanın dağlıq bölgələrindən biridir və burada təbiətə dayalı turizm, ekoturizm və dağçılıq turizmi potensialı böyükdür. Qatar xətti ilə əlaqənin artması bu cür turizmin daha çox diqqət çəkməsinə səbəb olacaq. Balakənin gözəl təbiəti, gölləri, dağları və səfalı iqlimi turistlər üçün daha əlçatan olacaq.
Qatar xətlərinin açılmasından sonra turizm üçün lazım olan infrastrukturlar da inkişaf etdirilə bilər. Hotellərin, restoranların, gəzinti yerlərinin və digər turistik obyektlərin tikintisi və təmiri üçün yeni investisiyalar qoyula bilər. Bu da turistlərə daha yüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradacaq.
Balakəndə turizmin inkişafı həm də kənd təsərrüfatı və digər sahələrdə də yerli iqtisadiyyata müsbət təsir göstərəcək. Turistlər bölgəyə gələcək və bu da yerli bizneslərə, o cümlədən, ticarət və xidmət sahələrinə dəstək verəcək.
Bakı-Balakən qatar xəttinin açılması turizm şirkətlərinin yeni turizm marşrutları və paketləri yaratmasına da təkan verəcək. Məsələn, Bakıdan Balakənə qatarla səyahət edərək, turistlər ətrafdakı digər əraziləri də ziyarət edə bilərlər. Bu, həm yerli, həm də beynəlxalq turistlər üçün maraqlı olacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, yataq tipli qatarlar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq. Marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır.