Bakı. Trend:
Puerto-Rikoda dekabrın 31-də səhər tezdən baş vermiş tam elektrik kəsintisinin ardından təchizatın böyük hissəsi bərpa olunub.
Trend xəbər verir ki, yerli “El Nuevo Dia” qəzetinin məlumatına görə, artıq müştərilərin 98%-dən çoxu elektrik enerjisinə qovuşub.
Bununla belə, Puerto-Rikonun seçilmiş qubernatoru Cennifer Qonsales əhalini enerjiyə qənaətlə yanaşmağa çağırıb. O bildirib ki, əvvəllər sıradan çıxmış elektrik stansiyaları tam gücü ilə işləmək üçün müəyyən vaxt tələb edir və yaxın günlərdə təchizatda yenidən fasilələr ola bilər.
Tam elektrik kəsintisi bazar ertəsi gecə ölkənin bütün elektrik stansiyalarının sıradan çıxması ilə nəticələnən qəza səbəbindən baş verib.
Ada ölkəsinin əsas elektrik şirkəti “Luma Energy” qəzanın yeraltı kabellərin zədələnməsi ilə əlaqəli ola biləcəyini, lakin dəqiq səbəbin hələ müəyyən edilmədiyini açıqlayıb. Kəsinti nəticəsində 1,3 milyondan çox istehlakçı işıqsız qalıb.
Puerto-Rikonun elektrik təchizatının sabitləşməsi üçün işlər davam edir.