...

Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi COP29 tədbirinə tam hazırdır - Agentlik sədri

Yaşıl iqtisadiyyat Materials 3 İyul 2024 17:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi COP29 tədbirinə tam hazırdır.

Trend xəbər verir ki, bunu Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən turizmdə dayanıqlılıq məsələlərinə xüsusi diqqət ayrılır.

“Ötən ilin sonundan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşıyıq. Bu bizə həm də hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini əhatə edən “Hotellər üçün Dayanıqlı Əsaslar” üzrə proqrama üzv olmaq imkanı verir. Bundan əlavə, bu il rəsmi olaraq Dövlət Turizm Agentliyi, həm də digər bir təşkilata - Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib və memorandum imzalanıb. Bununla da dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə bu sahədə mövcud beynəlxalq meyarlarının tətbiqi nəzərdə tutulur.

Dayanıqlılıq məsələsinin hotellərin fəaliyyət istiqamətində öz əksini tapması vacib istiqamətdir. Odur ki, sənayeni müasir çağırışlara cavab verməyə və bu istiqamətdə beynəlxalq təcrübəni tətbiq etməyə dəvət edirik.

Əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri təqdim olunub. Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi tədbirə tam hazırdır.

Ümid edirik ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərin sırasına qoşula biləcəklər. Ulduz təsnifatı regionlar üzrə də davam edəcək. Bir məqamı da qeyd etməliyəm. Hotelçilik sənayesi pandemiya dövründə də, Vətən müharibəsi dövründə də yüksək sosial məsuliyyət nümayiş etdirib, dövlətin çağırışlarına daim dəstək olub. İnanırıq ki, COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcək”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti