...

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Cəmiyyət Materials 3 İyul 2024 16:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Artıq ölkəmizdə hotelçilik yeni inkişaf mərhələsindədir.

Trend xəbər verir ki, bunu Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deib.

O bildirib ki, dövlətimiz, həmçinin cənab Prezident İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və dəstək sayəsində hotelçilik sahəsində inkişaf göz önündədir.

“Turizmin əsas dayaq istiqamətlərindən biri kimi hotelçiliyin inkişafı bütövlükdə sənaye üçün olduqca vacib amildir. Sirr deyil ki, ölkənin müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir edir. Bunların qiymətləndirilməsi isə hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkündür. Bu həm də qanunvericiliyin tələbidir.

“Turizm haqqında” Qanuna əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib. Onların arasında beş, dörd, üç, iki və bir ulduzlu hotellər mövcuddur. Əlbəttə, proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellər də az olmayıb. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsələr də, hələ də ulduz təsnifatının tələblərinə cavab verməyən hotellər mövcuddur.

40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və yenidən audit olunacaqlar.
Bu prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi davam edir.

Ulduz təsnifatı müasir dünya standartlarının tətbiqinə, istehlakçılara, yəni turistlərə daha düzgün seçim etməyə və gözləntilərlə təklif olunan xidmətlərin üst-üstə düşməsinə təkan verəcək.

Nəticə etibarilə, bütün bunlar sənaye üzrə sağlam rəqabətin formalaşması və bütövlükdə hotelçiliyin inkişafına mühüm töhfədir”,- deyə sədr bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti