Bakı. Trend:
“Helikopter meydançalarının layihələndirilməsinə, tikintisinə və texniki göstəricilərinə dair digər Tələblər” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, helikopter meydançalarının inşası və yenidən qurulması ilə bağlı layihələr Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olmalıdır.
Helikopter meydançalarının tikintisi üçün sifarişçi tərəfindən tikintiyə icazə və tikinti obyektinin istismarına icazə alınması Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Tikintisi nəzərdə tutulan helikopter meydançasının tikinti layihəsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq göndərilmiş sorğuya əsasən mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə Müdafiə Nazirliyi tərəfindən rəy veriləcək.
Tikintisi başa çatmış helikopter meydançasının istismara yararlılıq və təhlükəsizlik tələblərinə uyğun olaraq sertifikatlaşdırılması aidiyyəti üzrə qurum tərəfindən həyata keçirilməlidir.