Bakı. Trend:
Prezident İlham Əliyev Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncam Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərini nəzərə alaraq, Xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.
Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.