Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycana 98 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda nəqliyyat vasitələrinin idxalına çəkilən xərc 8,8 milyon ABŞ dolları olub.
Bu nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 ədəd və ya 6,7%, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ dolları, yaxud da 16,7% azalıb.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycana 10,6 milyon ABŞ dolları dəyərində, 105 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Hesabat dövründə idxal olunan həmin nəqliyyat vasitələrinin bir ədədinin orta idxal qiyməti 89,7 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 11,3 min ABŞ dolları, yaxud da 11,2% ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 101 min ABŞ dolları idi.
Qeyd edək ki, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri konkret funksiyaları yerinə yetirmək üçün istehsal olunmuş, mühərriklə hərəkət edən və adətən ictimai nəqliyyat və ya yükdaşıma məqsədi daşımayan texnikalardır. Onlar standart avtomobillərdən fərqli olaraq, müəyyən xidmətlər və əməliyyatlar üçün təchiz olunmuş olur. Bu nəqliyyat vasitələrinə əsasən yanğınsöndürmə maşınları, təcili tibbi yardım avtomobilləri, kommunal xidmət maşınları və sair daxildir.