Bakı. Trend:
ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası Gürcüstanda hakimiyyət dəyişikliyi cəhdində iştirak edib.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Amerika-Gürcüstan münasibətlərinə Bayden administrasiyası zərər vurdu. Onlar burada hakimiyyəti dəyişməyə çalışır, Gürcüstan hakimiyyətinə qarşı dağıdıcı fəaliyyətlə məşğul olurdular”, – deyə Papuaşvili bildirib.
Onun sözlərinə görə, ABŞ-nin hazırkı prezidenti Donald Tramp 2025-ci ilin yanvarında ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsini dayandırdıqdan sonra Gürcüstandakı qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi Avropadan gəlməyə başlayıb.
“Birləşmiş Ştatlar USAID və ya digər kanallar vasitəsilə digər ölkələrdə dezinformasiya, zorakı qruplar və təbliğatı maliyyələşdirməyə son qoyduqdan sonra Avropa İttifaqının büdcəsi təbliğatı, nifrət dilini və zorakılığı təşviq etməyə başladı”, – deyə o vurğulayıb.