Bakı. Trend:
Bu gün Azərbaycan və Vyetnam arasındakı münasibətlərdə yeni səhifə açılır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan ilə Vyetnam arasında siyasi münasibətlər dostluq, qarşılıqlı anlaşma və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında formalaşıb. İki ölkə müxtəlif coğrafi regionlara mənsub olsalar da, ortaq ideoloji və prinsipial mövqeləri onları bir-birinə yaxınlaşdırır.
Hər iki dövlət müstəqillik, suverenlik, ərazi bütövlüyü kimi fundamental prinsiplərə sadiq qalır və bu mövzularda daim bir-birini dəstəkləyir. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan və Vyetnam arasında siyasi dialoq tədricən inkişaf etməyə başladı. Bu müddət ərzində müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda paralel mövqelər və qarşılıqlı dəstək nümayiş etdirilməsi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərdi", - o bildirib.
A.Qarayevin sözlərinə görə, siyasi əlaqələrin daha da güclənməsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi yer tutur.
"Hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bir-birinin təşəbbüslərinə dəstək verir. Siyasi dialoqun ən yüksək səviyyəyə çatdığını göstərən mühüm hadisələrdən biri isə 2025-ci il mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Bu, Vyetnamın ali siyasi rəhbərliyinin ilk dəfə Azərbaycana etdiyi yüksək səviyyəli səfər kimi tarixə düşdü və bunu ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı adlandırmaq olar.
Baş katib To Lamın Prezident İlham Əliyevlə keçirdiyi görüş zamanı regional və beynəlxalq gündəlikdəki aktual məsələlər, strateji əməkdaşlıq perspektivləri, həmçinin, siyasi dialoqun daha da intensivləşdirilməsi yolları müzakirə olundu. Səfər çərçivəsində imzalanan bir sıra əməkdaşlıq sənədləri, o cümlədən, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi gələcəkdə qarşılıqlı dəstəyin institusional əsasda davam etdiriləcəyini göstərir. Siyasi münasibətlərin inkişafı, eyni zamanda, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün də etibarlı zəmin yaradır", - politoloq qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Vyetnam arasında ticarət əlaqələri son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib.
"Əsas ticarət sahələri arasında neft-kimya məhsulları, kənd təsərrüfatı malları və dərman preparatları üstünlük təşkil edir. Azərbaycan tərəfi üçün Vyetnam Asiya bazarına çıxış nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır, Vyetnam isə Azərbaycanı Mərkəzi Asiya və Qafqaz regionuna inteqrasiya üçün mühüm tərəfdaş kimi görür.
İki ölkə arasında son illərdə ticarət dövriyyəsi azalsa da, bu istiqamətdə geniş imkanlar mövcuddur. Belə ki, 2022-ci və 2023-cü illərdə ticarət dövriyyəsi 594.6 milyon və 482.1 milyon dollar təşkil edib ki, bu rəqəmlərə və bu rəqəmlərdən daha yüksək göstəricilərə yenidən çıxmaq mümkündür. Dövlətimzin başçısının da ötən gün dediyi kimi, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır: "Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun". Ötən gün sənədlərin mübadiləsi zamanı SOCAR ilə Vyetnam arasında imzalanan sənədlərin mübadiləsi də gələcəkdə ticarət dövriyyəsinin, əlaqələrin daha genişlənməsinə yardım edəcək. Ümumiyyətlə, bu iki ölkə arasında ötən gün bir sıra önəmli sənədlərin imzalanması göstərir ki, həm Azərbaycan, həm də Vyetnam bu əməmkdaşlığı və tərəfdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan və Vyetnam xalqları arasında mədəniyyət və təhsil sahəsində əməkdaşlıq da tarixi bağlara əsaslanır.
"2024-cü ildə Bakıda keçirilən Vyetnam günləri bu baxımdan böyük əhəmiyyət kəsb edir və iki xalq arasında daha dərin anlaşma və dostluğa töhfə verib. Həm Azərbaycan, həm də Vyetnam Qoşulmama Hərəkatının üzvü kimi beynəlxalq ədalət və dövlətlərin suveren hüquqlarını dəstəkləyən mövqelər sərgiləyirlər. İqlim dəyişikliyi, BMT islahatları, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi məsələlərində iki ölkənin mövqeləri yaxınlıq təşkil edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda, Vyetnamın bu tədbirdə iştirakı və iqlim dəyişikliyi ilə bağlı birgə təşəbbüslər də gələcək əməkdaşlıq üçün zəmin yaradır", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və diplomatik deyil, həm də iqtisadi, mədəni və strateji baxımdan əhəmiyyətli bir müstəviyə keçməkdədir.
"To Lamın Bakıya səfəri və bu səfər çərçivəsində əldə olunan razılaşmalar bu əlaqələrin dərinləşəcəyinə və yeni layihələrin icrasına start veriləcəyinə əminlik yaradır. İki dost ölkə – Azərbaycan və Vyetnam – qarşıdakı illərdə qarşılıqlı faydalı əməkdaşlıq modelini daha da möhkəmləndirəcəklər", - A.Qarayev əlavə edib.