Bakı. Trend:
Cari ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda su elektrik stansiyalarında (SES) elektrik enerjisinin istehsalı 1,860 milyard kVt·st olub.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, SES-lərdə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 279 milyon kVt·st və ya 17,6% artıb.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanda SES-lərdə elektrik enerjisinin istehsalı 1,581 milyrd kVt·st olmuşdu.
Qeyd edək ki, bu ilin birinci yarımili üzrə respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.
Bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt·st artımla 2 330,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt·st (İES-lərdə 10 441,4 mln. kVt·st, SES-lərdə 1 851,1 mln. kVt·st, GES-lərdə 30,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln. kVt·st təşkil edib.