Paris. Trend:
Azərbaycanlı jurnalistlər erməni separatçıları və terrorçuları tərəfindən təsadüfən deyil, məhz həqiqəti söylədikləri üçün qətlə yetiriliblər.
Trend xəbər verir ki, bunu "Baku Network" analitik mərkəzinin rəhbəri Elçin Ağacanov birinci və ikinci Qarabağ müharibələri zamanı erməni işğalçıları tərəfindən amansızcasına qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidə bildirib.
Sərgi Parisdə "Baku Network" analitik mərkəzi tərəfindən təşkil olunub.
“Xatirənin yanında səslənən söz adi halda səslənəndən daha sakit səslənməlidir. Bu söz danışmaq istəyindən yox, susmağın mümkünsüzlüyündən irəli gəlməlidir. Bu gün biz buraya, artıq cavab verə bilməyənlərin adlarını səsləndirməyə toplaşmışıq. On üç jurnalist. On üç tale. On üç səs... O səslər ki, yarımçıq qaldı. Küləklə, xəstəliklə, zamanla deyil. Güllə ilə. Partlayışla. Yıxılmaqla. Soyuq və məqsədyönlü susdurmaq istəyi ilə. Onlar erməni separatçıları və terrorçuları tərəfindən qətlə yetirilib. Təsadüfi deyil, onlar məhz həqiqəti söylədiklərinə görə öldürülüblər.
“Mən onları qəhrəman adlandıracağam, baxmayaraq ki, onlar heç də qəhrəmanlığa can atmırdılar. Onlardan heç biri ölümə can atmamışdı. Onlar sadəcə öz işlərini görürdülər. Sadəcə, ezamiyyətə gedirdilər, helikopterə minirdilər, əvvəllər insanların olduğu, lakin indi yalnız minaların qaldığı yollarla irəliləyirdilər. Sadəcə diktofonu qoşurdular. Sadəcə ştativ qururdular. Sadəcə sual verirdilər. Onlar bu "sadəcə" üçün öldürüldülər”, – deyə E.Ağacanov bildirib.
O qeyd edib ki, bu on üç nəfər hədəfə çevrilmişdi, çünki söz güllədən qorxuludur.
“Çünki dağıdılmış bir evin fotosu yalanı dağıda bilər. Çünki dürüst reportaj cinayətin gizləndiyi qaranlığı ifşa edir. Onlardan biri snayper gülləsinə tuş gəldi – güllə düz ürəyinə dəydi. Başqası – partlayış nəticəsində həlak oldu, mina quraşdıranların dediyinə görə, artıq həyatın olmamalı olduğu bir yolda gedərkən. Bir başqası danışıqlara çata bilmədi – helikopter geri qayıtmadı. Digəri isə yaxın məsafədən güllələndi. Belə atəş insana deyil, mənaya açılır. Erix Mariya Remarkın yazdığı kimi, müharibədə jurnalist həmişə hədəfdir. Onu kimliyi üçün yox, danışa biləcəyi üçün öldürürlər. Qatilin bu qorxusunda onların günahının bütün həqiqəti gizlidir. Azərbaycan həqiqətin dəyərini bilir. Otuz il ərzində Ermənistanın işğalı nəticəsində torpaqlarının 20 faizini itirən ölkəm və xalqım bu həqiqət uğrunda yüksək bədəl ödəyib”, – deyə E.Ağacanov əlavə edib.
"Baku Network"un rəhbəri vurğulayıb ki, Ermənistan Azərbaycanın beşdə bir hissəsini işğal edib, bu torpaqları sanki işığa dözə bilməyən bir cinayətkar kimi girov saxlayıb.
“Bu on üç jurnalist dumandan o tərəfi görən gözlər idi. Ağrını susdurmağa qoymayan səslər idi. Tapdanmaq istənilən, lakin torpaqda belə dikələn vicdan idi. Bu gün biz Parisdəyik. Hər sözün əsrlərlə ölçüldüyü bir şəhərdə. Və burada, bu divarların arasında Qarabağdan səslər eşidilir. On üç səs. Yüksək səslə yox. Kürsülərdən yox. Sanki pıçıltı ilə – amma elə bir pıçıltı ilə ki, zamanın içindən eşidilir”, – deyə o qeyd edib.
E.Ağacanov Azərbaycanın öz torpaqlarını azad etdiyini, sərhədlərini bərpa etdiyini və otuz illik faciəyə nöqtə qoyduğunu xatırladıb.
“Lakin bu nöqtə sükut deyil. Bu, sözün başlanğıcıdır. Baş verənləri danışmağın başlanğıcı. Hər bir cinayətkarın, hər bir üzün, bu qətllərdə təqsiri olan hər bir adın səsləndirilməsinin, tapılmasının, mühakimə olunmasının başlanğıcıdır. Çünki həqiqət ölmür. Hətta onu deyənləri öldürsələr belə. Həqiqət toxum kimidir: basdırmaq olar, amma o yenə cücərir.
Və bu jurnalistlər təkcə güllələrlə deyil, yalanla da mübarizə aparırdılar. Təhriflə, saxtalaşdırma ilə. Onlar feyklərlə, təxribatla, azadlıqdan çox əvvəl başlamış və bu gün də davam edən hibrid müharibə ilə savaşırdılar.
Onların qarşısında üzü olmayan – yalnız kölgəsi olan bir düşmən vardı. Silahla yanaşı, həqiqətin təhrif olunması ilə də qorxu və təşviş yayan bir düşmən. Bu on üç nəfər həmin görünməyən cəbhədə döyüşürdü. Və geri çəkilmədikləri üçün həlak oldular. Bu gün mən bir siyasətçi, diplomat olaraq yox, səs olaraq buradayam. Öz səsim deyil. Onların səsi kimi. Çünki həqiqətin səsi yox olmur. O, sadəcə yenidən eşidiləcəyi anı gözləyir. Qulaq asın. Bu çıxış deyil. Bu, əks-səda, xatirədir”, – deyə o yekunlaşdırıb.
Qeyd edək ki, "Baku Network" analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.
Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.
Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərginin iştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.