Bakı. Trend:
Özbəkistan Azərbaycanla nəqliyyat və enerji əməkdaşlığını İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional inteqrasiyanın əsas elementi kimi nəzərdə keçirir.
Bunu Trend-ə Daşkənd Xarici Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sancar Vəliyev bildirib.
Onun sözlərinə görə, Daşkəndlə Bakı arasında nəqliyyat əlaqəliliyinin inkişafı həlledici rol oynayır.
“Bu Özbəkistanla Azərbaycan arasında bütövlükdə praktiki qarşılılıq fəaliyyət gündəminin təməl daşıdır. Müxtəlif sahələrə aid az qala hər bir müştərək layihənin səmərəli logistikasının olmasına zərurət var. “, -deyə Vəliyev bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında Ali Dövlətlərarası Şuranın yaradılması ilə birgə layihələrdən ibarət geniş portfel formalaşıb və onların gerçəkləşdirilməsi üçün düzgün qurulmuş infrastruktur tələb olunur. Nəticəli addımlardan biri kimi yükdaşımalara dair elektron icazə sisteminin tətbiqi olub.
“Orta dəhliz üzərində özbək mallarının daşınma həcmi 25 faiz artıb və bir milyon tonu ötüb”, -deyə ekspert bildirib.
Onun fikrincə, Şərqi Avropada və Yaxın Şərqdə davam edən qlobal qeyri-sabitlik Xəzər marşrutunu daha da cəlbedici edir. Özbəkistan Azərbaycanı Avropaya gedən yolda strateji tərəfdaş kimi görür və ölkədə artan sənayeləşmə, eləcə də ÜTT-yə mümkün üzvlük onu Şərq-Qərb logistikası baxımından vacib həlqəyə çevirir.
“Azərbaycan isə öz növbəsində bizim nəqliyyat şəbəkəmizə qoşulmaqla qazanc əldə edir. Artıq Əfqanıstan və Çinə doğru multimodal marşrutlar inkişaf edir”, – deyə o əlavə edib.
Vəliyev perspektivli layihələr sırasında Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun və Trans-Əfqan magistralının tikintisini xüsusi qeyd edib. Bu layihələr regionda çoxvariantlı və inteqrasiya olunmuş nəqliyyat arxitekturası yaradacaq.
“Yaşıl” enerji potensialından danışan Vəliyev bunları vurğulayıb: “Orta Asiyada elektrik enerjisinə tələbat sürətlə artır. Yeni generasiya və texnologiyaların tətbiqi artıq perspektiv deyil, zərurətdir”.
Onun fikrincə, ikinci strateji aspekt “yaşıl” enerjinin Avropaya ixracı ilə bağlıdır:
“Bu, əsas tərəfdaş olan Aİ ilə ticarət balansını bərpa etməyə imkan verəcək. Bu səbəbdən də Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında ‘yaşıl dəhliz’in yaradılması təşəbbüsü gündəmdə getdikcə daha da aktuallaşır”.
Normativ, geosiyasi və maliyyə ilə bağlı çətinliklərə baxmayaraq, Vəliyev liderlərin siyasi iradəsinin hətta ən irimiqyaslı layihələrdə belə həll yolları tapmağa imkan verdiyinə əminlik ifadə edib.
Ekspert iki ölkə arasında əməkdaşlıq üfüqlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb:
“Ticarət, investisiya və nəqliyyat artıq yaxşı işlənmiş istiqamətlərdir. İndi isə əsas diqqəti innovasiya, süni intellekt və rəqəmsal texnologiyalara yönəltməliyik. Məhz bu cür təşəbbüslər Özbəkistan Prezidenti tərəfindən Xankəndidə keçirilən sammitdə irəli sürüldü”, – deyə o bildirib.
Onun sözlərinə görə, Özbəkistan və Azərbaycanın bu dialoqu həm ikitərəfli, həm də çoxtərəfli formatda yeni səviyyəyə çıxarmaq üçün real potensialı var.
Vəliyev Əfqanıstanın iştirakı ilə transregional imkanlara ayrıca toxunub:
“Bu təkcə nəqliyyat deyil. Özbəkistan artıq yeraltı sərvətlərin işlənməsi, tekstil, tikinti materialları, əczaçılıq və aqrar emal sahələrində layihələrdə iştirak edir. Azərbaycanın qoşulması bu səylərə yeni dinamika qatacaq”.
Onun sözlərinə görə, Əfqanıstanın nəqliyyat gündəminə daxil edilməsi Xəzər, Cənubi və Mərkəzi Asiya arasında ticarət dövriyyəsinin genişlənməsinə yol açır. Əfqanıstan nümayəndə heyətinin Xankəndidəki sammitdə iştirakı bu niyyətlərin təsdiqi oldu.
Sammitdən sonra praktik addımlar məsələsinə cavab verən Vəliyev qeyd edib:
“Hər şey ölkələrin məsuliyyətindən və razılaşmaların icrasına hazırlığından asılıdır. Özbəkistan və Azərbaycan İƏT çərçivəsində sistemli şəkildə çalışırlar. Əminəm ki, Xankəndi sammiti regionda əməkdaşlığın inkişafında dönüş nöqtəsi olacaq”.
Beləliklə, Özbəkistan və Azərbaycanın İƏT çərçivəsində strateji tərəfdaşlığı simvolik addımların xeyli fövqündə dayanır. Artan geoiqtisadi rəqabət və qlobal tədarük zəncirlərində qeyri-sabitlik fonunda Daşkənd və Bakı enerji maraqları və innovativ yanaşmalar üzərində dayanan davamlı tərəfdaşlıq modeli formalaşdırırlar.