Bakı. Trend:
Amerikalı tanınmış yazıçı Martin Kruz Smit 83 yaşında dünyasını dəyişib.
Trend-in Associated Press (AP) agentliyinə istinadən verdiyi xəbərə görə, yazıçı Simon & Schuster nəşriyyatının məlumatına əsasən yaxınlarının əhatəsində vəfat edib.
Ölümün dəqiq səbəbi açıqlanmasa da, Smitin uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Martin Kruz Smit 20-dən çox əsərin müəllifi idi. Onların arasında 11 roman məşhur Moskva detektivi Arkadi Renkonun fəaliyyətindən bəhs edir. Bu əsərlər yazıçının keçmiş SSRİ-yə etdiyi səfərlərdən ilham alaraq qələmə alınmışdı.
Yazıçının ən məşhur romanlarından biri olan "Qorki parkı" beynəlxalq şöhrət qazanmış və ona “Qızıl xəncər” mükafatını qazandırmışdı. Həmçinin “Havana körfəzi” adlı romanı ilə də Hammet mükafatına layiq görülmüşdü.