Bakı. Trend:
Rusiya İranın öz nüvə proqramı ilə əlaqədar müstəqil qərar verdiyini bilir.
Trend-in məlumatına görə, bunu İran XİN sözçüsü İsmayıl Bəqai bu gün (14 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, KİV-də Rusiya prezidenti Vladimir Putinin İranın uranın zənginləşdirməsini sıfıra endirməsi ilə bağlı razılaşması haqda yayılan xəbərlər təkzib olunur. Bu iddialar İranın Rusiya ilə dostluq münasibətlərinə zərbə vurmaq məqsədilə hazırlanır.
Bəqai deyib ki, İranın Rusiya ilə əlaqələri qarşılıqlı hörmətə əsaslanır və Rusiya İranın nüvə proqramı ilə əlaqədar qərarına həmişə hörmətlə yanaşıb.
Qeyd edək ki, bir qrup Kütləvi İnformasiya Vasitələrində Rusiya prezidenti Vladimir Putinin İrandan uranın zənginləşdirilməsi olmadan razılaşma əldə etməsini istəməsi ilə əlaqədar məlumat yayılıb.
İran isə rəsmi Tehranın uranın zənginləşdirilməsi haqqı nəzərə alınmadan heç bir razılaşmanın əldə olunmayacağını qeyd edir.