Bakı. Trend:
Amerika nümayəndə heyəti son on il ərzində ilk dəfə olaraq (Barack Obamanın Kubaya səfərindən bəri) danışıqlar üçün Kubaya səfər edib.
Trend xəbər verir ki, bu barədə “CBS News” və “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
ABŞ Dövlət Departamentinin nümayəndələri kubalı rəsmi şəxslərlə bir neçə görüş keçiriblər. Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi “Axios”a yalnız bir danışıqlar iştirakçısının adını açıqlayıb. İddiaya görə, həmin şəxs Kuba lideri Raul Kastronun nəvəsi Raul Qilyermo Rodrigez Kastrodur.
Danışıqlar zamanı Amerika nümayəndə heyəti Kuba hakimiyyətini ölkədə siyasi və iqtisadi islahatlar aparmağın zəruriliyi barədə xəbərdar edib. Bundan əlavə, Vaşinqton Havanadan siyasi məhbusların azad edilməsini tələb edib.
“ABŞ nümayəndə heyəti bir daha vurğuladı ki, Kuba iqtisadiyyatı sürətlə tənəzzül edir və adanın hakim elitasının vəziyyət geri dönməz şəkildə pisləşməzdən əvvəl ABŞ-ın dəstəyi ilə əsas islahatları həyata keçirmək üçün az vaxtı qalıb”, - deyə amerikalı rəsmi "CBS News"a bildirib.
"Axios" qeyd edib ki, Amerika nümayəndə heyəti kubalı həmkarlarına ölkədə internetin bərpası ilə bağlı kömək təklif edib və bunun üçün “Starlink” peyk rabitəsinə çıxış təqdim etməyi irəli sürüb.
