Bakı. Trend:
İran 6 aeroportun - İmam Xomeyni, Mehrabad, Məşhəd, Bircənd, Qorqan və Zahidan aeroportunun - fəaliyyətini bərpa edib.
Trend-in məlumatına görə, bunu İranın Aeoport Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda hava yolları şirkətləri yerli və xarici uçuşların həyata keçirilməsi üçün hazırlaşırlar.
Əsədi Samani bildirib ki, hava yolları şirkətləri uçuşların həyata keçirilməsi üçün İranın Mülki Aviasiya Təşkilatından lisenziya almalıdır.
Əlavə edək ki, İran bu gündən etibarən ölkənin şərq hissəsinin səmasını beynəlxalq uçuşlar üçün açıq olduğunu elan edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
