...

Yaxın Şərqdə regional məsuliyyət konsepsiyasının həyata keçirilməsi vacibdir - Hakan Fidan

Siyasət Materials 17 Aprel 2026 16:43 (UTC +04:00)
Yaxın Şərqdə regional məsuliyyət konsepsiyasının həyata keçirilməsi vacibdir - Hakan Fidan
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Yaxın Şərqdə regional məsuliyyət konsepsiyasının həyata keçirilməsi vacibdir.

Trend-in Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində bildirib.

Fidan qeyd edib ki, region artıq müharibələrə, işğallara, terrorizmə və daxili münaqişələrə yol verə bilməz.

“Region ölkələri olaraq biz regional məsuliyyət konsepsiyasını həyata keçirməyə, regional sülh və sabitliyi gücləndirməyə borcluyuq”, — deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu konsepsiya region ölkələri arasında davamlı və səmərəli dialoqa, dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətə, həmçinin etnik, mədəni və sosial müxtəlifliyin birləşdirici amil kimi qəbuluna əsaslanmalıdır.

Fidan region ölkələrinin müdafiə potensialının bir-birinə qarşı deyil, qarşılıqlı təhlükəsizlik naminə gücləndirilməsinin, eləcə də dövlətlərarası münaqişələrdə qeyri-dövlət aktorlarından istifadədən tam imtinanın vacibliyini qeyd edib.

“Biz elə bir arxitekturaya doğru irəliləyirik ki, burada regional problemlər mehriban qonşuluq və kollektiv məsuliyyət prinsipləri çərçivəsində həll olunacaq”, — deyə o bildirib.

Nazir vurğulayıb ki, belə bir regional arxitektura uzunmüddətli sülh və rifah üçün zəruri əsasdır.

Fidan əlavə edib ki, tarix göstərir: davamlı sülh və sabitlik ən böhranlı dövrlərdə atılan cəsarətli addımlar sayəsində əldə olunur.

“Məhz buna görə biz ümumi düşüncəyə əsaslanan həllərin həyata keçirilməsi istiqamətində addımlar atmağa davam edirik. Antalya Diplomatik Forumu bu axtarış üçün ən mühüm platformalardan biridir”, — deyə o qeyd edib.

Sonda o, forumun həm regiona, həm də bütün bəşəriyyətə fayda verəcəyinə ümid etdiyini bildirib və dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti