...

Çinin ümumi daxili məhsulu 5 faiz artıb

Dünya xəbərləri Materials 18 Aprel 2026 05:57 (UTC +04:00)
Çinin ümumi daxili məhsulu 5 faiz artıb

Bakı. Trend:

Çin iqtisadiyyatı cari ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 33,4 trilyon yuana (təxminən 4,87 trilyon ABŞ dolları) çatıb.

Trend xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Açıqlamada deyilir ki, birinci rübdə istehsal və təklifin artımı sürətlənib, bazar tələbi yaxşılaşmağa davam edib, məşğulluq ümumən sabit qalıb, bazar qiymətləri orta dərəcədə yüksəlib.

Ekspertlər hesab edirlər ki, Yaxın Şərq münaqişəsinin qlobal iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Çində ÜDM-in 5 faizlik artımı hökumətin illik hədəfə nail olacağını deməyə əsas verir. “Standard Chartered” bankının baş iqtisadçısı Din Şuan hesab edir ki, xarici qeyri-müəyyənliklər artaraq ikinci rübdə Çin iqtisadiyyatına daha çox təsir göstərə bilsə də, hökumət çevikliyə diqqət yetirəcək.

Qeyd edək ki, Çin hökuməti 2026-cı il üçün ÜDM-in artımını 4,5-5 faiz civarında hədəfləyib. Bəzi xarici ekspertlər qlobal iqtisadiyyatdakı çətinliklər, xüsusən də enerji qiymətlərinin əhəmiyyətli dərəcədə bahalaşması səbəbindən bu hədəfə çatmağın çətin olduğunu düşünürdülər. Çin Baş Gömrük Administrasiyasının məlumatına görə, ilin birinci rübündə ölkənin xarici ticarəti 15 faiz çoxalaraq 11,84 trilyon yuana (təxminən 1,73 trilyon dollar) çatıb. İxrac 11,9 faiz, idxal isə 19,6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti