Bakı. Trend:
Son günlər intensiv yağıntılarla əlaqədar Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə olunur.
Bu barədə Trend-ə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinn məlumat verilib.
Bildirilib ki, hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Belə ki, Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir.
“Cari vəziyyətdə Kür və Qanıx çayları vasitəsilə Mingəçevir su anbarına saniyədə 858 kubmetr su daxil olur. Su anbarından Kür çayına buraxılan suyun həcmi isə saniyədə 604 kubmetr təşkil edir. Mingəçevir su anbarından sonra Kür çayının axını boyu Əlicançay, Göyçay və Türyançay da Kür çayına tökülür ki, bu çaylarla Kür çayına daxil olan suların həcmi saniyədə 35 kubmetr təşkil edir”.
Xidmətdən qeyd edilib ki, son günlərdə Kür çayının Saatlı, Sabirabad, Şirvan, Salyan rayonları ərazisindən keçən hissəsində səviyyə artımının müşahidə olunması da məhz gursululuq dövrü ilə əlaqədardır.
“Səviyyənin artmasına baxmayaraq hazırda vəziyyət stabildir. Mingəçevir su anbarından Kür çayına suyun buraxılması Agentliyin aidiyyəti tabeli təşkilatları tərəfindən tənzimləndiyindən, növbəti günlərdə hər hansı təhlükənin olacağı gözlənilmir”.
