Bakı. Trend:
Türkiyənin Təkirdağ vilayətində “məktəbdə silahlı aksiya həyata keçiriləcəyi” ilə bağlı paylaşımlar üzrə saxlanılan 3 uşaqdan 2-si həbs edilib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, saxlanılan yeniyetmələr oxuduqları məktəblərin ətrafında silahlı aksiya keçirəcəyi ilə təhdid dolu mesaj paylaşıblar.
Şagird və müəllim qruplarında olan fotoşəkillər əsasında polis həmin yeniyetmələrin kimliyini müəyyənləşdirərək, onları saxlayıb və polis idarəsinə aparıblar. A.B. inisiallı üçüncü yeniyetmə isə polisə könüllü təslim olub.
Qeyd edək ki, bu həftə Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində ardıcıl iki gün ərzində məktəblərdə silahlı hücumlar baş verib. Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb, hücumu törədən məktəbin keçmiş şagirdi polis müdaxiləsi zamanı özünü öldürüb. Ertəsi gün Kahramanmaraşın Onikişubat rayonunda orta məktəbdə baş verən hücumda isə 10 nəfər həlak olub, ümumilikdə 19 nəfər yaralanıb. Hücumu törədən 14 yaşlı şagird zərərsizləşdirilən zaman aldığı xəsarətlərdən ölüb. Hər iki hadisə qısa zaman intervalında baş verdiyi üçün ölkədə ciddi ictimai rezonans doğurub və məktəblərdə gücləndirilmiş təhlükəsizlik tədbirlərinə yol açıb.
