...

ABŞ-nin müvəqqəti işlər vəkili ABŞ–Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi barədə danışıb

İqtisadiyyat Materials 17 Aprel 2026 18:17 (UTC +04:00)
ABŞ-nin müvəqqəti işlər vəkili ABŞ–Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi barədə danışıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) aylıq Üzvlər Naharını keçirib. Tədbirdə ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq iştirak ediblər. AmCham Azərbaycan ölkədə kommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorunun Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

Bu barədə Trend-ə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ və Azərbaycan hökumətləri fevralın 10-da vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində fəal iş aparırlar. Əsas çıxışında Müvəqqəti işlər vəkili Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar — xüsusilə süni intellekt və rəqəmsal infrastruktur — eləcə də təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Xanım Neff və USTDA nümayəndə heyətinin səfəri də bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanla birgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır.

Müvəqqəti işlər vəkili Karlon Azərbaycanın regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu qeyd edib və hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Bu səylərin qarşılıqlı investisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahın yüksəlməsinə töhfə verəcəyi bildirilib. O, ABŞ–Azərbaycan münasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görə AmCham-a təşəkkürünü bildirib.

Müvəqqəti işlər vəkili Karlon bildirib:

“Tramp Administrasiyası dövründə biz iqtisadi diplomatiyaya və qarşılıqlı rifah yaradan razılaşmalara xüsusi önəm veririk.”

Xəbər lenti

Xəbər lenti