Bakı. Trend:
Bu il aprelin 1-nə qədər Bakı–Supsa neft kəməri ilə 738 milyon barel neft nəql olunub.
Trend bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Qeyd edilib ki, bu kəmər 1999-cu il aprelin 17-də istismara verilib.
"Bu kəmər Azərbaycanın müasir enerji strategiyasında mühüm yer tutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarına çıxışını təmin edir. O, "Əsrin müqaviləsi"ndən sonra həyata keçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan neftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib. Bakı–Supsa neft kəməri regionda enerji əməkdaşlığının inkişafına töhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçün möhkəm zəmin yaradıb", - məlumatda vurğulanıb.
