...

Azərbaycan balanslı xarici siyasəti ilə həm Qərb, həm də Şərqlə münasibətləri qoruyur - Rufiz Hafizoğlu

Siyasət Materials 17 Aprel 2026 11:30 (UTC +04:00)
Azərbaycan balanslı xarici siyasəti ilə həm Qərb, həm də Şərqlə münasibətləri qoruyur - Rufiz Hafizoğlu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı, sadəcə, növbəti işgüzar səfər kimi yox, daha geniş mənada Azərbaycanın beynəlxalq sistemdə artan rolunun göstəricisi kimi dəyərləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, bu forum artıq son illərdə qlobal siyasi dialoqun mühüm platformalarından birinə çevrilib və burada səslənən fikirlər, aparılan müzakirələr gələcək siyasi istiqamətlərin formalaşmasına birbaşa təsir edir.

Sirr deyil ki, dünya hazırda əvvəlki kimi deyil. Müharibələr, iqtisadi qarşıdurmalar, texnologiyanın sürətli inkişafı və böyük güclər arasında rəqabət dövlətləri daha ehtiyatlı, amma, eyni zamanda, daha çevik siyasət yürütməyə məcbur edir. Antalya Forumunun bu il “Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr olunması da təsadüfi deyil. Çünki indi əsas məsələ təkcə güclü olmaq yox, həm də dəyişən şəraitə uyğunlaşa bilməkdir. Azərbaycan da məhz bu baxımdan son illərdə fərqlənən ölkələrdən biridir.

"Qırx dörd günlük müharibə nəticəsində Azərbaycanın ərazilərinin azad edilməsi məhz gələcəyin formalaşdırılmasında qeyri-müəyyənliklə mübarizəyə bariz nümunə idi.

Bu gün modern dünyada bir zamanlar həll olunmamış münaqişələr zaman keçdikcə qeyri-müəyyən status və forma alıb.

Prezident İlham Əliyevin bu forumda iştirakı göstərir ki, Bakı artıq regional çərçivədən çıxaraq daha geniş – qlobal müstəvidə öz sözünü deməyə çalışır. Təbii ki, bu, rəsmi Bakı üçün yenilik deyil. Azərbaycan uzun müddətdir balanslı xarici siyasət yürüdür və bu siyasət sayəsində həm Qərblə, həm də Şərqlə münasibətləri qoruyub saxlaya bilir. Bu isə indiki mürəkkəb dövrdə çox az ölkəyə nəsib olan üstünlükdür. Digər tərəfdən məhz bu siyasət sayəsində rəsmi Bakı İslam dünyasında “Diplomatiyada Azərbaycan modeli” formalaşdıra bilib",- deyə R. Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, Antalya Diplomatiya Forumu, eyni zamanda, Türk dünyası üçün də mühüm platformadır. Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik bu cür tədbirlərdə daha aydın hiss olunur. İki ölkə təkcə ikitərəfli münasibətləri inkişaf etdirmir, həm də daha geniş coğrafiyada ortaq maraqları müdafiə edir. Bu əməkdaşlıq artıq region sərhədlərini aşaraq daha böyük geosiyasi məna qazanmağa başlayıb.

Forumda əsas mövzulardan biri qeyri-müəyyənliyin idarə olunmasıdır və bu sahədə Azərbaycanın təcrübəsi kifayət qədər diqqət çəkir. Xüsusilə son illərdə baş verən hadisələrdən sonra ölkə yeni reallıqlara tez uyğunlaşa bildiyini göstərdi. Bu isə o deməkdir ki, Azərbaycan təkcə mövcud vəziyyətə reaksiya vermir, eyni zamanda, gələcək riskləri də hesablaya bilir. Məhz bu yanaşma modern dünyamızda ən çox ehtiyac duyulan yanaşmadır.

Forumda müzakirə başlıqlarından biri də rəqəmsallaşma və süni intellekt məsələləridir ki, bu da müasir diplomatiyanın ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu istiqamətdə də geri qalmamağa çalışır. Dövlət xidmətlərinin elektronlaşdırılması, innovativ idarəetmə üsullarının tətbiqi ölkənin yeni dövrə uyğunlaşdığını göstərir. Artıq diplomatiya təkcə görüşlər və bəyanatlarla məhdudlaşmır, texnologiya da bu prosesin vacib alətinə çevrilir.

Müzakirə mövzusu olan enerji məsələsi isə Azərbaycanın ən güclü tərəflərindən biri olaraq qalır. Ölkə uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Amma diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan təkcə neft və qazla kifayətlənmir. Son dövrlərdə yaşıl enerji layihələrinə verilən önəm göstərir ki, Bakı gələcəyi də düşünür. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq dialoq platformalarının yaradılmasında da fəal iştirak edir. Müxtəlif forumların təşkili, mədəniyyətlərarası dialoqun təşviqi ölkənin yumşaq güc siyasətinin bir hissəsidir. Bu da Azərbaycanın təkcə siyasi deyil, eyni zamanda, diplomatik və humanitar sahədə də təsir imkanlarını artırır.

"Bilindiyi kimi, forumda təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Təhlükəsizlik məsələlərinə gəldikdə isə son illərdə regionda yaranmış yeni vəziyyət Azərbaycanın rolunu daha da artırıb. Münaqişədən sonrakı dövrdə sülh təşəbbüsləri ilə çıxış edən Bakı artıq daha sabit və proqnozlaşdırıla bilən regionun formalaşmasında maraqlı tərəf kimi çıxış edir. Bu yanaşma gələcəkdə iqtisadi və siyasi əməkdaşlıq üçün də yeni imkanlar yaradır.

İqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri də getdikcə daha çox önəm qazanıb ki, rəsmi Bakı bu istiqamətdə də olduqca seçilib. Azərbaycan bu sahədə də aktiv olmağa çalışır və alternativ enerji layihələrinə investisiya yatırmaqla gələcək riskləri azaltmağa çalışır. Bu isə onu göstərir ki, ölkə yalnız bu günü deyil, uzunmüddətli perspektivi də nəzərə alır",- deyə R. Hafizoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti