Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndində səyyar qəbul keçirib.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, fərdi yaşayış evlərinin qazlaşdırılmasına köməklik göstərilməsi və bir neçə fərdi müraciət səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
