Bakı. Trend:
Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün açıqlanıb. Nəticələrə görə imtahan iştirakçıları arasında 3 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
300 balla maksimum nəticə göstərən Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu Trend-in suallarını cavablandırıb.
Onun sözlərinə görə, imtahan çox rahat keçib:
"Heç bir çətinlik yox idi. İngilis dili üzrə dinləmə də çox
rahat idi və aydın başa düşmək olurdu. Yüksək nəticə göstərəcəyimə
inanırdım, çünki çox çalışırdım və son sınaq imtahanında da yaxşı
bal toplamışdım. Amma açıq suallarla bağlı bir az narahatlığım
vardı. Açıq suallar üzrə tam bal toplaya biləcəyimə əmin
deyildim.
Repititorla hazırlaşırdım, repititorlarım məktəb
müəllimlərimdir.
İxtisas və fənnlər üzrə ən çətin sualların rus dili üzrə olduğunu düşünürəm. Çünki açıq suallar çox vaxt aparır. Mənim üçün ən asan suallar isə ingilis dili fənnindən oldu".
O, hansı ixtisasa hazırlaşdığını və hansı universiteti seçəcəyini də açıqlayıb:
"4-cü ixtisas qrupu üzrə, Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Qəbul imtahanında da yüksək nəticə göstərəcəyimə inanıram".
