Antalya. Trend:
Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərdə tamamilə fərqli dinamika müşahidə olunur.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
“Hazırda tamamilə fərqli dinamika müşahidə olunur. Bu gün artıq ortaq gələcək imkanlarından və real dialoqdan söhbət gedir. Bu baxımdan, regionun dörd ölkəsinin nümayəndələrinin bu gün eyni masa arxasında əyləşərək əməkdaşlıq perspektivlərini müzakirə etməsi də simvolikdir”, – deyə o bildirib.
Kostanyan qeyd edib ki, Cənubi Qafqaz hazırda dünyanın ən sabit regionlarından biridir.
“Müxtəlif bölgələrdə logistika və təchizat zəncirlərinin pozulması, eləcə də davam edən münaqişələr və müharibələr fonunda region dayanıqlılıq nümayiş etdirir.
Lakin bu sabitlik əbədi təmin olunmuş bir hal deyil. İndi mövcud rəqabət üstünlüklərini real iqtisadi və siyasi nəticələrə çevirmək üçün sürətli və düşünülmüş addımlar atmaq vacibdir. Siyasi iradə və tərəflərin intizamı sayəsində mümkün olan sülh əldə edildikdən sonra yeni mərhələyə — praktik siyasi qərarlara, açıq danışıqlara və region ölkələri arasında əlavə əlaqələrin qurulmasına keçmək lazımdır”, – deyə Ermənistan xarici işlər nazirinin müavini əlavə edib.
Onun sözlərinə görə, eyni zamanda Cənubi Qafqazın Avropa, Mərkəzi Asiya və Uzaq Şərq arasında iqtisadi əlaqəliliyin mühüm həlqəsinə çevrilməsi məsələsi də gündəmdədir.
“Sonda isə sülh və sabitlik regionun inkişafı üçün əsas təməl rolunu oynayır”, – deyə o vurğulayıb.
