Antalya. Trend:
Artan qlobal qeyri-müəyyənlik şəraitində əsas sual gələcəyin hansı zəka, iradə və baxışla formalaşdırılacağıdır.
Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, məhz bu məqsədlə Antalyada qlobal və regional məsələlər hərtərəfli müzakirə olunacaq, qərarlar isə kollektiv düşüncə və birgə fəaliyyət əsasında formalaşdırılacaq.Fidan vurğulayıb ki, söhbət təkcə böhranların sayının artmasından və geosiyasi məhdudiyyətlərdən getmir.
“Əsas problem ondan ibarətdir ki, qeyri-müəyyənlik və böhranlar beynəlxalq sistemdə müvəqqəti bir hal olmaqdan çıxaraq onun dominant xarakteristikasına çevrilir”, — deyə o qeyd edib.
Nazir xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl beynəlxalq sistem üçün əsas təhlükə barədə — qanunsuzluğun, qeyri-müəyyənliyin və özbaşınalığın hökm sürdüyü bir dünya barədə xəbərdarlıq edib, sağlam düşüncə, ədalət və effektiv diplomatiyanın vacibliyini vurğulayıb.
“Əfsuslar olsun ki, regionumuzdakı mövcud vəziyyət bu qiymətləndirmələrin dəqiqliyini açıq şəkildə təsdiqləyir”, — deyə o əlavə edib.
Fidan həmçinin qeyd edib ki, baş verənlərdən tarixi dərslər çıxarılmalıdır, lakin belə dövrlərdə prioritet və təxirəsalınmaz vəzifə atəşkəsin təmin olunmasıdır.
“Biz səmimi şəkildə davamlı atəşkəs rejiminə və möhkəm sülhün bərqərar olmasına ümid edirik. Bu prosesə töhfə verən bütün qardaşlarımıza, xüsusilə Pakistan Prezidentinə təşəkkürümüzü bildiririk”, — deyə o vurğulayıb.
Bununla belə, türkiyəli nazir qeyd edib ki, razılaşmalar əldə olunsa belə, mövcud problemlərin əsas səbəbləri diqqətdən kənarda qalmamalıdır.
