Antalya.Trend:
Beynəlxalq Astronavtika Federasiyası Azərbaycanla əməkdaşlığı genişləndirməyi və qlobal kosmik ictimaiyyəti yenidən Bakıya qaytarmağı planlaşdırır.
Trend-in Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Fayxtinger V Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, təşkilat Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını nəzərdən keçirir.
“Biz Azərbaycanla sıx əməkdaşlıq edirik və ümid edirik ki, yenidən ora qayıdaraq gələcəkdə qlobal kosmik ictimaiyyəti bir daha toplaya biləcəyik”, - deyə o qeyd edib.
Fayxtinger vurğulayıb ki, 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi mühüm mərhələ olub.
“Azərbaycan kosmik sektorda çox fəal olub və mənim fikrimcə, Bakıda konqresin keçirilməsindən sonra bu təkan daha da güclənib”, -deyə o əlavə edib.
Onun sözlərinə görə, həmin vaxtdan etibarən tərəflər arasında əməkdaşlıq möhkəmlənməkdə davam edir.
“Biz Azərbaycanın qlobal kosmik ictimaiyyətə daha da inteqrasiya olunmasına dəstək olmaq üçün əməkdaşlıq edirik”,- deyə o bildirib.
Fayxtinger həmçinin Azərbaycanın kadr potensialının inkişafı istiqamətində gördüyü işlərə diqqət çəkib: “Gənc nəslin cəlb olunması və ruhlandırılması istiqamətində mühüm işlər aparılır. Gəncləri kosmosa və STEM təhsilinə maraq göstərməyə təşviq etmək son dərəcə vacibdir”.
O qeyd edib ki, bu istiqamətdə artıq konkret nəticələr mövcuddur.
“Tələbələr fəal şəkildə konqresimizə öz layihələrini təqdim edir və onları beynəlxalq ictimaiyyətə nümayiş etdirirlər”, -deyə Fayxtinger əlavə edib.
