Bakı. Trend:
ABŞ aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması üzrə əməliyyatlara dair icazəni mayın 16-dək qüvvədə saxlayıb.
Trend xəbər verir ki, bununla bağlı müddəa aprelin 17-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunan ümumi lisenziyada əksini tapıb.
Sənədə əsasən, ABŞ Maliyyə Nazirliyinin bloklayıcı sanksiyalarına məruz qalan gəmilər də daxil olmaqla, istənilən gəmidə daşınan Rusiya mənşəli xam neft və ya neft məhsullarının satışı, çatdırılması və boşaldılması ilə bağlı əməliyyatlar aprelin 17-si şərq yay vaxtı ilə saat 00:01-dək (Bakı vaxtı ilə 08:01) yüklənmiş yüklərə şamil olunur. Belə əməliyyatlara mayın 16-sı şərq sahili vaxtı ilə saat 00:01-dək (Bakı vaxtı ilə 08:01) icazə verilir.
Lisenziyada xüsusi olaraq vurğulanıb ki, bu qərar Rusiyanın ilhaq etdiyi Krım, qondarma “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası” (LXR), həmçinin İran, Kuba və Şimali Koreya ilə bağlı əməliyyatlara aid deyil.
Qeyd olunub ki, yeni ümumi lisenziya ABŞ Maliyyə Nazirliyinin martın 19-da verdiyi və aprelin 11-də qüvvədən düşən əvvəlki oxşar sənədi tam əvəz edir.
Xatırladaq ki, martın 12-də ABŞ Maliyyə Nazirliyi həmin tarixədək Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına tətbiq edilən sanksiya məhdudiyyətlərini ləğv etmişdi.