Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan və Əlcəzair arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasının ikitərəfli əlaqələrin inkişafında mühüm addım olduğu vurğulanıb.
Tərəflər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər. Bu kontekstdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi və gələn il İƏT sammitinə ev sahibliyi edəcəyi də qeyd olunub.
Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi və münaqişələrin diplomatik yollarla həllinin əhəmiyyəti xüsusi vurğulanıb.
