Bakı. Trend:
18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində
Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə
görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı,
Azərbaycan-Portuqaliya ikitərəfli və çoxtərəfli münasibətlərinin
inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi,
iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq
məsələləri müzakirə olunub.
Nazirlər, həmçinin Azərbaycanda yaxın zamanda açılması nəzərdə
tutulan Portuqaliya səfirliyi vasitəsilə əməkdaşlığın daha da
genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın,
çoxtərəfli diplomatiya sahəsində ölkələrimizin təcrübəsinin
mübadiləsinin əhəmiyyətini vurğulayıblar. BMT və Avropa İttifaqı
çərçivəsində ölkələrimizin prioritetləri nəzərdən keçirilib, birgə
səylərin vacibliyi diqqətə çatdırılıb.
Nazirlər post-münaqişə dövründə regional vəziyyəti müzakirə
ediblər. Nazir Ceyhun Bayramov ölkəmizin həyata keçirdiyi sülh
gündəliyi və atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər,
Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bölgədə
sabitliyin bərpa edilməsinin vacibliyini vurğulayıb, danışıqların
uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.
