Bakı.Trend:
Pandemiyadan təxminən altı il sonra Bakı–Kürdəmir istiqamətində dəmir yolu əlaqəsinin yenidən bərpası mümkün oldu. Yenilənmiş qrafikə əsasən Bakıdan-Kürdəmirə qədər olan məsafə artıq 2 saat 11 dəqiqəyə qət edilir, standart bilet qiyməti isə 11 manat 10 qəpik müəyyən edilib. Bununla yanaşı, Kürdəmirə avtomobil nəqliyyatı ilə də səfər etmək mümkündür ki, bu da sərnişinlər üçün alternativ seçimlər yaradır və ümumilikdə nəqliyyat əlçatanlığını artırır.

Mövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, nəqliyyat növlərinin müxtəlifliyi artdıqca, əhalinin mobilliyi və regionlara çıxış imkanları da genişlənir. Vətəndaşlar öz ehtiyaclarına və imkanlarına uyğun nəqliyyat vasitəsini seçə bildikdə, bu, həm rahatlığı artırır, həm də yaşayış məntəqələrinin ümumi cəlbediciliyinə müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat əlçatanlığı daşınmaz əmlak bazarında qiymət artımına təsir edən əsas amillərdən biri kimi çıxış edir.
“Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Kürdəmir istiqamətinə avtobuslarla səfər təxminən 3 saat davam edir və gedişhaqqı 7 manat 20 qəpikdir. Biletlərin qiyməti dinamik tarif siyasətinə əsasən tənzimlənir və əvvəlcədən alınan biletlər daha sərfəli olur”.

Ekspertin fikrincə, qatarla səyahət müddətinin avtobusla müqayisədə daha qısa olması bu nəqliyyat növünü əlavə olaraq daha cəlbedici edir: “Bununla yanaşı, Hacıqabul-Bakı dəmir yolu xəttində elektrik təchizatının sabit cərəyan sistemindən dəyişən cərəyana keçirilməsi istiqamətində işlər davam etdirilir və layihənin növbəti il ərzində başa çatdırılması planlaşdırılır. Bu yenilik regionlar üzrə qatar hərəkətinin intensivliyinin artırılmasına şərait yaradacaq və Azərbaycanın strateji tranzit mövqeyini daha da gücləndirməsinə töhfə verəcək”.
R.Ağamirzəyev əlavə edib ki, Kürdəmir rayonu M-2 (Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi) magistralı ilə R-11 (Ağsu–Kürdəmir–Bəhramtəpə) avtomobil yolunun kəsişdiyi mühüm nəqliyyat qovşağında yerləşir: “Bu coğrafi mövqe rayona həm tranzit, həm də regional mərkəz kimi əlavə üstünlüklər qazandırır. Nəticə etibarilə, Kürdəmir artıq yalnız keçid məntəqəsi deyil, formalaşmaqda olan regional nəqliyyat qovşaqlarından biri kimi ön plana çıxır”.

