Bakı. Trend:
18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk
Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının
qeyri-rəsmi iclasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir çıxışında Xarici
İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclaslarının müntəzəm
keçirilməsini müsbət qiymətləndirib, bu formatın təşkilatın
gündəliyində duran məsələlərin açıq və səmərəli müzakirəsi,
həmçinin sürətlə dəyişən qlobal və regional proseslərə dair fikir
mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb.
Beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesinin
getdiyi, geosiyasi parçalanmanın gücləndiyi, qlobal idarəetmədə
qeyri-müəyyənliklərin artdığı və müxtəlif regionlarda münaqişə və
böhranların vüsət aldığı hazırkı dövrdə TDT-nin rolunun daha da
aktuallaşdığı vurğulanıb.
TDT-nin gücünün onun birliyində, ortaq dəyərlərində və ümumi
baxışında əks olunduğu diqqətə çatdırılıb və əməkdaşlıq
əlaqələrinin daha da genişləndirilməsinin təşkilatın regional və
qlobal çağırışların həllində rolunu daha da gücləndirəcəyinə inam
ifadə olunub.
Görüşdə Yaxın Şərqdə son inkişaflar fonunda böhranın regional təhlükəsizliyə, qlobal və regional təchizat zəncirlərinə, iqtisadi və investisiya əlaqələrinə təsiri müzakirə olunub.
Atəşkəs və vasitəçilik səyləri nəticəsində əldə olunmuş irəliləyişlərin davamlı sülh ilə nəticələnməsi üçün real və davamlı strategiyaların vacibliyini vurğulayıblar.
İclas zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
