...

ABŞ-nin yeni təkliflərini müzakirə edirik – İran Ali Milli Təhlükəsizlik Şurası

Dünya xəbərləri Materials 18 Aprel 2026 18:07 (UTC +04:00)
ABŞ-nin yeni təkliflərini müzakirə edirik – İran Ali Milli Təhlükəsizlik Şurası
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin irəli sürdüyü yeni təklifləri müzakirə edirik.

Trend-in məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.

Bəyanata əsasən, ABŞ danışıqlardan əvvəl İranın 10 maddəlik planı çərçivəsində hərəkət etməyi qəbul etsə də, danışıqlar zamanı yeni və həddindən artıq tələblər irəli sürüb. Bu isə İran nümayəndə heyətinin qəti mövqeyi ilə qarşılanıb və qarşı tərəf anlayıb ki, İran heç bir halda öz mövqelərindən geri çəkilməyəcək.

Bəyanatda qeyd olunur ki, bu səbəbdən danışıqların bu mərhələsi konkret nəticə olmadan başa çatıb və davamı ABŞ-nin mövqelərini reallığa uyğunlaşdıracağı vaxta saxlanılıb.

“Son günlər Pakistan ordusunun komandanının Tehrana səfəri və vasitəçi kimi iştirakı ilə ABŞ tərəfindən yeni təkliflər təqdim olunub və İran hazırda onları araşdırır, hələlik cavab verməyib. İran əldə olunan tarixi qələbələri möhkəmləndirmək üçün heç bir güzəştə getməyəcək,ölkənin maraqlarını qoruyacaq”, - deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd edilib ki, İran müharibə bitənə və davamlı sülh əldə olunana qədər bu boğazdakı hərəkətə nəzarəti davam etdirməkdə qərarlıdır. Bu nəzarət keçən gəmilər haqqında tam məlumatın alınması, İranın müəyyən etdiyi qaydalara uyğun keçid icazələrinin verilməsi, təhlükəsizlik, mühafizə və ekoloji xidmətlərə görə ödənişlərin alınması və müəyyən edilmiş marşrutlar üzrə hərəkət etməklə həyata keçiriləcək. Həmçinin, qarşı tərəf tərəfindən dəniz blokadası və ya gəmi hərəkətinə maneələr yaradılarsa, bu atəşkəsin pozulması hesab olunacaq və İran Hörmüz boğazının məhdud açılmasını dayandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti