Bakı. Trend:
Biz fosil yanacaqlardan birdəfəlik, tamamilə qurtula bilməyəcəyik.
Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri, BMT-nin İqlim Fəaliyyəti Komandasının rəhbər müavini Seluin Hart Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakilərində bildirib.
Onun sözlərinə görə, fosil yanacaq əsaslı iqtisadiyyat hər kəsə təsir edir.
"Biz tamamilə fosil yanacaqlardan birdəfəlik qurtula bilməyəcəyik. Bu proses bir gecədə baş vermir, bunun üçün onilliklər lazımdır. İnvestisiyalar və tətbiqlər dəyərləndirilir, enerji istehsalına diqqət yetirilir. Müsbət məqamlardan biri odur ki, ölkələr dekarbonizasiya istiqamətində enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik məsələləri ilə paralel şəkildə işləyirlər".
BMT rəsmisi qeyd edib ki, Çin fosil yanacaq istifadəsini əhəmiyyətli dərəcədə azaldıb:
"20 il əvvəl Çində emissiya göstəriciləri artırdı, lakin indi bu göstərici 4–5 faiz enib. Növbəti on il ərzində Çində emissiyalar təxminən 10 faiz daha azalacaq. Yenilənəbilən enerji getdikcə ucuzlaşır. Xüsusilə günəş enerjisi və enerji saxlama texnologiyaları Çin və ABŞ-da kömür və təbii qaza nisbətən daha ucuz qalır. Sərmayə çox vacib rol oynayır, çünki yenilənəbilən enerji layihələri böyük maliyyə tələb edir. Bu prosesdə "Ədalətli keçid" isə ən mühüm məsələdir".
