...

Tələbə qəbulu və buraxılış imtahanlarının nəticələri üzrə elmi-statistik təhlilin ictimai müzakirələri keçirilib - (FOTO)

Cəmiyyət Materials 14 İyul 2025 13:36 (UTC +04:00)
Tələbə qəbulu və buraxılış imtahanlarının nəticələri üzrə elmi-statistik təhlilin ictimai müzakirələri keçirilib - (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

14 – 16 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri keçirilib.

Trend xəbər verir ki, müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələrinin nümayəndələri iştirak edirlər.

Tədbirin ilk günü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin müzakirəsi həyata keçirilib.

Tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dair sərgiyə baxış keçirilib.İştirakçılara, eyni zamanda yazı işlərinin yoxlanılma texnologiyası və DİM-in Gənc psixometrik təcrübə proqramı haqqında məlumatlar təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətininsədri Məleykə Abbaszadə 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikada keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamətləri və çoxsaylı parametrləri üzrə elmi-statistik təhlillərin aparıldığını qeyd edib.

M.Abbaszadə bu imtahanların nəticələrinin təhlillərinin hamı üçün açıq və DİM‑in internet saytında yerləşdirilərək ictimaiyyətə təqdim olunduğu qeyd edib. Sədr bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır, eyni zamanda təhsildəki problem və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürür.

Daha sonra sədr ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə aidməlumatları iştirakçıların diqqətinə çatdırıb. Sədr illərə görə tələbə qəbulu planları və ərizə verənlərin sayının müqayisəsi, qruplar üzrə orta bal göstəriciləri, abituriyentlərin topladıqları balların paylanma diaqramları, test tapşırıqlarına düzgün cavabların orta-statistik göstəriciləri, attestat qiymətləri və qəbul imtahanlarında topladıqları ballar üzrə abituriyentlərin paylanması, rayon təhsil sektorları üzrə ümumi göstəricilər və s. haqqında məlumat verib.
Ardınca iştirakçılar nəticələrin geniş müzakirəsini həyata keçirib. Sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib və təkliflər dinlənilib.

Tədbirin birinci gününün yekununda humanitar, texniki və təbiət fənləri üzrə 2024-cü ildə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının statistik göstəriciləri əsasında elmi-metodiki təhlili təqdim olunub və müzakirələr davam etdirilib.

Qeyd edək ki, müzakirələr iyulun 15-də buraxılış, iyulun 16-da magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti