Bakı. Trend:
İrlandiyanın Qoluey qraflığında 800-ə yaxın körpənin qalıqlarının olduğu güman edilən ərazidə qazıntı işlərinə start verilib.
Trend-in məlumatına görə, bu barədə “The Guardian” nəşri xəbər yayıb.
Məlumatda bildirilir ki, qazıntı aparılan yer 1925–1961-ci illərdə rahibələr tərəfindən yeni doğulmuş körpələrin dəfn edildiyi ərazi kimi tanınır. Daha sonra həmin ərazidə digər şəxslər də doğulan, lakin vəfat edən körpələrini gizli şəkildə dəfn ediblər.
Qazıntı işlərində arxeoloqlar, antropoloqlar və məhkəmə ekspertləri iştirak edirlər. Məqsəd ərazidəki qalıqları müəyyənləşdirmək və bu faciəli hadisənin miqyasını dəqiq sənədləşdirməkdir.
Hadisə İrlandiyada uzun illərdir müzakirə olunan və dini müəssisələrin nəzarətində olan uşaq evləri ilə bağlı tənqidlər fonunda böyük rezonansa səbəb olub.