...

Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayrılmasını təsdiqləyib

İqtisadiyyat Materials 14 İyul 2025 16:57 (UTC +04:00)
Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayrılmasını təsdiqləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi”nə 173,5 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

Bu barədə Trend Dünya Bankı Qrupundan (World Bank Group) məlumat əldə edib

Qeyd edək ki, bir müddət əvvəl “AzərEnerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi və Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə zəmanət sazişi imzalanıb.

173,5 milyon dollar məbləğində olan kredit sazişini “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb.

Məlumata əsasən, cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan bərpaolunan enerji mənbələri üzrə stansiyaların (BOEM) enerji ötürücü infrastrukturunun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan hökumətinin iştirak payı (31,2 milyon dollar) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "AzərEnerji" ASC-nin enerji sisteminin fəaliyyətinin yaxşılaşdırılması və tikilməkdə olan bərpaolunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 kilometr olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq “Nəvahi” yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti