Bakı. Trend:
İsveç hökumət komissiyası keçmiş hərbçilər üçün çağırış yaşının 47-dən 70-ə yüksəldilməsini təklif edib.
Trend-in məlumatına görə, bu təklif Silahlı Qüvvələrin gələcək kadr təminatını araşdıran rəy sənədində yer alıb. Komissiya hesab edir ki, yaxın illərdə ordunun genişmiqyaslı gücləndirilməsi planları fonunda bu addım zəruridir.
Hazırda İsveç qanunvericiliyinə əsasən, hərbi xidmət keçmiş və ya hərbi təhsilli şəxslər yalnız 47 yaşa qədər ehtiyatdan çağırıla bilər. Üstəlik, sonuncu hərbi hazırlığından 10 ildən çox keçənlər hərbi qeydiyyatdan çıxarılır. Bu səbəbdən minlərlə keçmiş hərbçi çağırış siyahılarından çıxarılıb.
Komissiya bu qaydanın ləğvini və hərbi xidmət keçmiş, xüsusilə müddətli həqiqi xidmət keçən və ya ehtiyatda olan zabitlərin 70 yaşa qədər çağırılmasının mümkün olmasını təklif edir.
Təklif İsveçin milli təhlükəsizlik strategiyasında büdcənin 300 milyard kron (təxminən 31,4 milyard dollar) artırılması qərarı ilə paralel müzakirə edilir və parlament partiyaları tərəfindən dəstəklənir.