Bakı. Trend:
Azərbaycanda ən ciddi və sistemli problemlərdən biri torpaqdan təyinatı üzrə istifadə olunmamasıdır. Qanunvericilikdə müəyyən olunmuş torpaq kateqoriyaları ilə faktiki istifadə arasında fərqlər, torpaqdan kommersiya məqsədi ilə sui-istifadə halları və xüsusilə kənd təsərrüfatına yararlı torpaqların təyinatı üzrə istifadə olunmaması və ya istifadəsiz qalması reallıqlar sırasında yer almaqdadır. Bu da öz növbəsində iqtisadi itkilərə, bəzən isə hüquqi çəkişmələrə gətirib çıxarır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili xatırladıb ki, 2023-cü ilin rəsmi məlumatlarına görə, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi 4,8 milyon hektara yaxın olsa da, onların bir hissəsi ya təyinatı üzrə istifadə olunmur və ya faktiki olaraq istifadəsiz qalır:
“Digər tərəfdən, bir çox hallarda hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərlə dövlət torpaq kadastrında saxlanılan məlumatlar arasında uyğunsuzluq müşahidə olunur. Bu isə mülkiyyət və ya istifadə hüquqlarının rəsmiləşdirilməsində ciddi çətinliklər yaradır, prosesin uzanmasına və nəticədə müxtəlif instansiyalar arasında ziddiyyətli qərarların meydana çıxmasına səbəb olur.
Hazırda mövcud qanunvericilik bu kimi hallarda necə davranmaq lazım olduğunu dəqiq göstərmir. Bu isə həm vətəndaşların, həm də qeydiyyat orqanlarının hüquqi baxımdan qeyri-müəyyən vəziyyətə düşməsinə gətirib çıxarır. Bəzən bu məsələ subyektiv inzibati mülahizəyə əsasən həll olunur, bəzən isə məhkəmə çəkişmələri ilə nəticələnir”.
Deputat bildirib ki, yanlışlığı sübuta yetirilən sənədlərə görə, sadəcə qeydiyyatdan imtina yetərli deyil:
“Sənədlərdə yol verilən yanlışlıqların səbəblərinin araşdırılması və yanlışlığın bilərəkdən törədildiyi sübuta yetirildiyi halda inzibati məsuliyyətin müəyyənləşməsi də zəruridir. Əks təqdirdə, bu, məsuliyyətsizlik və cəzasızlıq mühitinin formalaşmasına zəmin yarada bilər.
Bu yanaşma beynəlxalq təcrübəyə də tam uyğundur. Avropa İttifaqında torpaqdan istifadə və təyinat məsələləri “Torpaq Sahələrinin İdentifikasiyası Sistemi” (Land Parcel Identification System) və digər inteqrasiya olunmuş sistemlər vasitəsilə nəzarətdə saxlanılır. Türkiyədə isə “Toprak Koruma və Arazi Kullanımı” haqqında qanun torpaqdan sui-istifadə istifadə hallarına qarşı inzibati tədbirlərin görülməsini nəzərdə tutur”.
E.Mirzəbəyli qeyd edib ki, nəticə etibarilə, qanun layihəsi torpaqların hüquqi statusuna dair qeyri-müəyyənliklərin aradan qaldırılması, qeydiyyat proseslərinin şəffaflaşdırılması və torpaq resurslarından təyinatı üzrə səmərəli istifadə olunmasına xidmət edir.
“Bu isə iqtisadi baxımdan səmərəliliyin artmasına, hüquqi baxımdan isə mübahisələrin və ziddiyyətli qərarların qarşısının alınmasına imkan verəcək”, - deyə o fikrini tamamlayıb.